BSU-da Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 24-də Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Xocalı soyqırımı qurbanları və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan   BSU-nun rektoru Anar Nağıyev  bu gün müasir Azərbaycan tarixinə qanla yazılmış Xocalı soyqırımına müxtəlif aspektlərdə bir daha  nəzər salınacağını bildirib. Rektor Xocalı faciəsinin bütöv bir tarixi hadisələrin gedişatı fövqündə baş verdiyini deyib. XX əsrin 80-90-cı illərində böyük imperiyanın süqutunun başlanması nəticəsində müxtəlif xalqların, o cümlədən, Azərbaycan dövlətinin müstəqilliyinin bərpa edildiyini vurğulayıb. Həmin dövrdə erməni işğalçıları tərəfindən ölkəmizə qarşı təcavüzlərin başladığın deyən rektor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən baş vermiş Xocalı qətliamının etnik təmizləmə halı olduğunu qeyd edib. Anar Nağıyev Xocalı şəhərinin regionda yeganə mülki hava limanı olan   strarteji əhəmiyyətə malik olduğunu da diqqətə çatdırıb.  O Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışaraq məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə “Xocalı Soyqırımı Günü haqqında” qərarın qəbul edilməsi nəticəsində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının bu qətliamın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını söyləyib. Nəticə etibarı ilə istər beynəlxalq çərçivədə, istərsə də dünya ölkələrində Xocalı soyqırımının tanıdılması ilə bağlı konkret aadımlar atıldığını qeyd edib.

A. Nağıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış zəfər nəticəsində Ermənistan tərəfinin kapitulyasiya aktını imzalaması ilə qürurverici tarix yaşadığımızı deyib. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərin aparılmasının da tariximizin qürur səhifəsinə həkk olunduğunu vurğulayıb. O, bu gün ədalətli siyasət və dövlət kontekstində torpaqlarımızın azad olunması nəticəsində Xocalı faciəsi qurbanlarının, eləcə də  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş  bütün şəhidlərimizin ruhunun şad olduğunu dilə gətirib.  Rektor sonda xalqımıza qarşı gerçəkləşdirilən bu qəddar cinayətin heç vaxt unudulmayacağını diqqətə çatdırıb.

Sonra “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası barədə videoçarx nümayiş etdirilib.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov “Xocalı soyqırımının tarixi kökləri”, Azərbaycan multikultralizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev “Bəşəriyyətə qarşı tarixi cinayət”, həmin kafedranın müəllimi Rəşad Babayev “Xocalı soyqırımı tarixin mühakiməsindən keçməlidir” mövzularında çıxış ediblər.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov çıxışında soyqırımının mahiyyəti, onun hüquqi bazası barədə ətraflı məlumat verib. O Xocalı soyqırımının təcavüzkar erməni siyasətinin davamı olduğunu deyərək tarixə qısa ekskurs edib.

Azərbaycan multikultralizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev çıxışında XX əsrdə dünyada baş verən faciələrə nəzər salaraq Xocalı soyqırımının müqayisəolunmaz faciə olduğunu bildirib. Dövlətimizin bu cinayətin soyqırımı kimi tanıdılması və ona insanlığa qarşı hərbi cinayət kimi siyasi-hüquqi qiymət verilməsi istiqamətində ardıcıl iş apardığını, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin əsl siyasi-hüquqi qiymətini aldığını qeyd edib.

Azərbaycan multikultralizmi və ölkəşünaslıq kafedrasının müəllimi Rəşad Babayev çıxışında dünyada Xocalı soyqırımına düzgün siyasi qiymət verilməsinin vacibliyindən danışıb. Hazırda malik olduğumuz mövcud resursların Xocalı soyqırımının tanıdılmasında yeni imkanlar yaratdığını bildirib.