“Dərs Evi” BSU tələbələrinə sertifikatlar təqdim edib

Feralın 1-də Bakı Slavyan Universitetinin (BSU) “Dərs Evi” Təhsildə İnkişaf və İnnovasiyalar Mərkəzinin universitetlə birgə layihəsi çərçivəsində keçirilmiş təlimlərində iştirak edən tələbələrinə sertifikat təqdim olunub.

“Dərs Evi” Təhsildə İnkişaf və İnnovasiyalar Mərkəzinin layihə üzrə meneceri Arzu Mürsəlova layihənin əsas məqsədinin gələcək müəllimlərə peşəkar dəstək göstərmək və onların təhsildə idarəetmə bacarıqlarını inkişaf etdirməkdən ibarət olduğunu deyib.

BSU-nun rektor müşaviri Elçin Hüseynov qısa zaman çərçivəsində təşkil olunan faydalı təlimə görə təşəkkür edib. Tələbələr üçün bu kimi təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Mərkəzin İnsan resursları departamentinin rəhbəri Səbinə Rüstəmova tələbələrin peşəkar inkişafına yönəlmiş təlimlərin davamlı olacağını diqqətə çatdırıb.

BSU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Leyla Musayeva təlimlərdə iştirak üçün universitetin pedaqoji ixtisaslarında təhsil alan 90-dan çox tələbənin qeydiyyatdan keçdiyini, meyarlara uyğun gələn 16 tələbənin seçilərək 7 gün davam edən təlimlərə qoşulduğunu qeyd edib. 

Sonda təlimlərdə iştirak etmiş 16 tələbəyə sertifikat təqdim olunub.