BSU-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Yanvarın 19-da Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarının bir çoxunun 1990-cı ilin 20 yanvar tarixinin şahidləri olduğunu qeyd edərək, Azərbaycan xalqının həmin günlərdə öz iradəsini ortaya qoyduğunu diqqətə çatdırıb. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 20 Yanvar faciəsinin Sovet hakimiyyətinin ən qanlı təxribatı olduğunu bildirib.

Rektor Ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb. Anar Nağıyev bildirib ki, Ümummilli lider Heydər Əliyev o dövrdə bütöv bir imperiyaya qarşı özünün haqq səsini ucaldaraq, Azərbaycan xalqının lideri kimi öz xalqının yanında olduğunu sübut etdi.

A. Nağıyev Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması üçün mühüm işlər görüldüyünü deyib. "Bu gün 20 Yanvar, Birinci Qarabağ müharibəsi, həmçinin 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin, mülki insanların ruhu şaddır. Biz qürurluyuq ki, bu gün Azərbaycan “Dəmir yumruğ”un gücü ətrafında birləşib öz ərazi bütövlüyünü təmin edərək, gücünü dünyaya göstərib. Biz həm də ona görə qürurluyuq ki, Azərbaycan siyasi arenada öz sözünü deyən qüdrətli və qalib ölkədir" - deyə o, qeyd edib.

Anar Nağıyev ölkəmizin həmişə müzəffər və qaliblər sırasında olacağından əminliyini ifadə edib.

Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov çıxışında 20 Yanvar faciəsinin tarixdə müdhiş bir terror aktı kimi qaldığını qeyd edib. Bununla yanaşı, bu tarixin həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib. O, 20 Yanvar faciəsinin tarixi səbəblərindən danışaraq, həmin dövrdə baş vermiş ictimai-siyasi məqamları diqqətə çatdırıb.

Filologiya fakültəsinin dekanı, dosent Sevinc Abışova yaxın keçmişimizin qanlı səhifəsi olan yanvar hadisələri barədə fikirlərini bölüşüb. O, 20 Yanvar faciəsinin qanlı gün kimi xatırlandığını, bununla belə, həmçinin Azərbaycan xalqının birliyinə, dünya azərbaycanlılarının formalaşmasına, Azərbaycan məfkurəsinin inkişafına təkan verdiyini deyib.

Tarix və ictimai elmlər kafedrasının müdiri, professor Cahangir Məmmədov çıxışında 20 yanvar hadisələrinin xalqımızın milli-azadlıq hərəkatının mühüm mərhələsi olduğunu vurğulayıb. O, bu tarixi proseslərin araşdırılmasının, gənclərə təbliğ olunaraq, gələcək nəsillərə çatdırılmasının, bu baxımdan da, BSU-da bu istiqamətdə görülən işlərə diqqət çəkərək vacibliyini qeyd edib.

Sonda tədbir iştirakçıları tərəfindən Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə BSU-nun foyesində yaradılmış xatirə lövhələri önünə tər qərənfillər düzülüb, bütün şəhidlərin ruhu ehtiramla yad olunub.

Tədbirdən sonra BSU-nun rəhbərliyi, əməkdaşları, müəllim və tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə gül dəstələri düzülüb.