BSU-da Enactus Azərbaycan proqramının təqdimatı keçirilib

Dekabrın 27-də Bakı Slavyan Universitetinin ( BSU) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ( ATGTİ) əməkdaşlığı çərçivəsində Enactus Azərbaycan proqramının təqdimatı keçirilib. Təqdimatda BSU-nun Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov, ATGTİ-nin layihələrlə iş üzrə meneceri, Enactus Azərbaycanın proqram direktoru Rəşad Zeynalov və Enactus Azərbaycan proqramı direktorunun müavini İnara Zülfiqarova iştirak ediblər.

BSU-nun Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov tədbirin maarifləndirmə məqsədilə keçirildiyini bildirib və tələbələrə proqramda fəal iştirak etməyi tövsiyə edib.

ATGTİ-nin layihələrlə iş üzrə meneceri, Enactus Azərbaycanın proqram direktoru Rəşad Zeynalov qeyd edib ki, proqramın əsas məqsədi sosial sahibkarlığın təşviqi və tələbələrin biznes fəaliyyətinə cəlb edilməsidir. Vurğulanıb ki, hazırda ölkəmizdə sahibkarlığın inkişafı mühüm məsələlərdən biridir və proqram da bu məqsədə xidmət edir. Enactus Azərbaycan proqramını digər proqramlardan fərqləndirən başlıca cəhət proqramda tələbələrin,fakültə məsləhətçilərinin və biznes liderlərinin iştirak etməsidir. Fakültə rəhbərləri tələbələrə peşəkar dəstək verir, biznes liderləri isə onlarla öz təcrübələrini bölüşürlər. Hazırlanan layihələr nəticəyönümlü olmalı və cəmiyyətin inkişafına müsbət təsir etməlidir. Layihələrin icrası zamanı innovasiyaların tətbiqi önəmli rol oynayır.

Rəşad Zeynalov təqdimatında Enactus Azərbaycan proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə də geniş məlumat verib.

Sonda tələbələrin təqdimatla bağlı sualları cavablandırılıb.