BSU-da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 27-də Bakı Slavyan Universitetində (BSU) 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əlamətdar tarixi hadisə olduğunu deyib. O, bu günün tarixi əhəmiyyətindən söz açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 1991-ci ildə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bunun öz-özlüyündə böyük məna ehtiva edən konsepsiya olduğunu vurğulayan rektor dünya azərbaycanlılarının həmrəyliyinin Ümummilli lider tərəfindən həyata keçrilən milli birliyin təcəssümü olduğunu deyib.

XX əsrin 90-cı illərinin əvvəllərində ölkədəki çətin ictimai-siyasi dövrə ekskurs edən Anar Nağıyev həmin dönəmdə Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq konsepsiyasının daha geniş coğrafi anlam daşıdığını deyib. Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidentiyəm” ifadəsinin bu konsepsiyanın davamı olduğunu qeyd edib. A. Nağıyev “Dünya azərbaycanlılarının həmrəyliyi ərazi bütövlüyümüzün formalaşması baxımından çox əhəmiyyətli idi. Bu konsepsiya həmçinin, bizim zəfərimizin göstəricisidir”- deyə qeyd edib. Rektor 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin ətrafında birləşən bütün azərbaycanlıların milli birlik nümayiş etdirdiyini deyib. Azərbaycan xalqının hər zaman ölkə başçısının ətrafında sıx birləşəcəyinə əminliyini ifadə edib. Anar Nağıyev 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə BSU kollektivini və tələbələri təbrik edib.

 Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd “Azərbaycan diasporunun formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu”, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Adil Əliyev “Qarabağ müharibəsindəki tarixi qələbədə dünya azərbaycanlılarının həmrəyliyinin rolu”, Slavyan filologiyası kafedrasının müdiri vəzifəsini icra edən, professor Rafiq Novruzov “Milli mənlik şüurunun formalaşmasında Heydər Əliyevin rolu”, Türkologiya kafedrasının müdiri, dosent Gülnarə Əliyeva “Dünya Azərbaycanlılarının I Qurultayından Zəfər qurultayına aparan şərəfli yol” adlı məruzələrlə çıxış  ediblər. Məruzələrdə  Ümummilli lider Heydər Əliyevin diaspor quruculuğunda irəli sürdüyü başlıca prinsiplər, Ulu Öndərin  müəyyənləşdirdiyi diaspor siyasəti haqqında məlumat verilib. 44 günlük Vətən müharibəsində  hər bir azərbaycanlının milli həmrəylik nümayiş etdirdiyi, xalqımızın azərbaycançılıq ideyası ətrafında birləşərək daha da gücləndiyi bildirilib. Ümummilli lider Heydər Əliyev şəxsiyyəti nümunəsində milli mənliyin formalaşması ilə bağlı tarixi epizodlara nəzər salınıb. Qeyd olunub ki,  Ümummilli liderin diaspor siyasəti milli birlik və həmrəylik kimi prinsiplərə söykənib. Həmçinin, xaricdə yaşayan soydaşlarımızın fəaliyyətinin əlaqələndirilməsi  baxımından  mühüm əhəmiyyət  kəsb edən Dünya Azərbaycanlılarının qurultayları, Zəfər qurultayına aparan şərəfli yoldan bəhs olunub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.