BSU-nun rektoru Anar Nağıyevin "Azərbaycan " qəzetində " "Heydər Əliyev və təhsil siyasəti" məqaləsi çap olunub

 

Heydər Əliyev və təhsil siyasəti

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində və dövlətçiliyin inkişafında misilsiz xidmətləri olmuşdur. Ümummilli Liderin çoxşaxəli fəaliyyətində təhsil xüsusi yer almışdır. Ulu Öndərin təhsil siyasəti dərin milli mənafelər üzərindən qurularaq ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət etmişdir. 

Yüksək inkişaf etmiş ali təhsil sistemi cəmiyyətin, dövlətçiliyin, iqtisadiyyatın və sosial-rifahın inkişafını təmin edir, ölkənin siyasi, hüquqi, beynəlxalq və hərbi qüdrətini gücləndirir. Heydər Əliyevin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı dönəmdə ölkəmizə rəhbərlik etdiyi zamanlarda həyata keçirdiyi təhsil siyasəti mühüm fundamental və tarixi əhəmiyyətli məqsədləri hədəfləmişdir. Ulu Öndərin təhsil strategiyasının kökündə Azərbaycan iqtisadiyyatının, sənayesinin, savadlı əhalinin inkişafına yönəlmiş strateji addımlar, ən əsası isə milli-mənəvi dəyərlərin qorunması, yaşadılması, xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı, dili, folkloru və bütövlükdə milli yaddaşının mühafizəsi və ölkənin qüdrətli gələcəyinə xidmət etməsi dururdu. 

Hələ XX əsrin 70-80-ci illərində Azərbaycanda təhsilin inkişafına ayrılan diqqət, ana dilinin inkişafına yönəlmiş siyasət, sənayenin müxtəlif sahələri üzrə gənc kadrların SSRİ-nin müxtəlif ali təhsil müəssisələrində oxumağa göndərilməsi, ali məktəblərin sayının artırılması kimi uğurlu işlərin nəticələri müstəqilliyin bərpasından sonrakı dövrdə özünün əhəmiyyətini xüsusi olaraq göstərdi. 1978-ci ildə Azərbaycanın Konstitusiya layihəsinin hazırlanması zamanı Heydər Əliyevin Azərbaycan dilini ana dili kimi bu layihəyə əlavə etməsi həm milli identikliyin qorunması baxımından mühüm addım, həm də 1970-ci illərdə yüksəliş dövrünü yaşayan Sovet İttifaqında milli-mənəvi dəyərlərin qorunması istiqamətində atıla biləcək cəsarətli addım kimi əhəmiyyətli idi. Heydər Əliyev çox gözəl bilirdi ki, millətin dilinin qorunması onun milli kimliyinin (mənliyinin) mühafizəsi demək idi. 2003-cü ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun tətbiq edilməsi barədə"  Sərəncamı bu istiqamətdə illərlə aparılan siyasətin məntiqi davamı idi. Ulu Öndər tərəfindən Azərbaycan dilinin qorunması, tədrisi, tədqiqi və inkişafı baxımından görülən tədbirlər  milli-mənəvi yaddaşımızın mühüm hadisələri sırasındadır. Heydər Əliyevin Azərbaycan dilinə, onun qorunmasına və inkişafına olan həssaslığı böyük rəhbərin özü tərəfindən aydın şəkildə ifadə edilmişdir: "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir". Bir millətin yaşamasında, milli kimliyinin və dövlətçiliyinin qorunmasında ana dilinin əhəmiyyəti haqqında deyilən fikirlərdən gözəl tərif ola bilməz.  

Azərbaycan dilinin qorunması həm də təhsilin inkişafı məsələsi idi. Bu istiqamətdə Ulu Öndərin atdığı addımlar sırasında ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, təhsilin əlçatanlığı və coğrafiyasının genişlənməsi əsas prioritetlərdən olmuşdur.  Hələ 1970-ci illərdə ümumi təhsil sahəsində işin təşkilinin təkmilləşdirilməsi məqsədi ilə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında", "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qərarlar qəbul edilmişdir. Heydər Əliyevin inkişaf strategiyasının davamlılıq və dayanıqlılıq prinsipinə uyğun olaraq qısa bir zamanda ölkə üzrə ümumtəhsil məktəblərinin sayında inanılmaz artım baş vermiş, 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 2100-ü, 1982-ci ildə isə 4200-ü, eləcə də bu müddət ərzində şagirdlərin sayı 700 min nəfəri keçmişdir. Təhsil müəssisələrinin sayının artırılması ölkənin bütün ərazisində, ucqar kənd yerlərində təhsilə çıxış imkanlarını asanlaşdırmış, keyfiyyətli təhsil və öyrənmə imkanlarını artırmışdır. 

Ulu Öndərin hakimiyyəti illərində ali təhsilin inkişafı hər zaman diqqətdə saxlanılmış, kadrların xüsusi çəkisində əhəmiyyətli artım müşahidə olunmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində ali məktəblərin sayı da çoxalmış, yeni ali təhsil müəssisələri yaradılmışdır. Artıq 1982-ci ildə ali təhsil müəssisələrində təhsil alan insanların sayı 100 min nəfərə çatmışdır. Azərbaycanda təhsil alanlarla yanaşı, SSRİ-nin digər ali təhsil müəssisələrində də soydaşlarımızın oxuması məqsədi ilə yüzlərlə həmyerlimiz keçmiş ittifaqın ən aparıcı universitetlərinə göndərilmişdir. Qeyd olunmalıdır ki, hazırkı Bakı Slavyan Universitetinin də inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuş, onun diqqət və qayğısını daim hiss etmişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu yaradılmışdır. İnstitutun işinin yeni formatda təşkili onun elmi-pedaqoji potensialının sürətli inkişafına, regionda öz sahəsi üzrə mükəmməllik mərkəzinə çevrilməsinə xidmət etmişdir. Ulu Öndərin 13 iyun 2000-ci ildə imzaladığı və ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə xidmət edən Sərəncamı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universitetinin yaradılması isə ölkəmizin yeni inkişaf dönəmində atılmış mühüm addımlardan idi. Məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf istiqamətlərinə uyğun olaraq Bakı Slavyan Universiteti slavyan dilləri, ədəbiyyatı, mədəniyyəti üzrə tədrisin və tədqiqatın təşkili sahəsində regionda yeni aparıcı bir təhsil məkanının yaranması ilə nəticələndi. 
Təəssüf ki, ölkəmizin tarixinin müəyyən dövrlərində baş vermiş hadisələr milli dövlətçiliyimiz, ərazi bütövlüyümüz, müstəqilliyimiz və gələcəyimiz üçün ciddi təhdidlər yaratmışdır. Belə ki, 1988-ci ildən etibarən Ermənistan tərəfindən ölkəmizə qarşı başlanmış təcavüz Azərbaycan torpaqlarının işğalı ilə nəticələndi. Baş verən proseslər iqtisadiyyatın digər sahələrində olduğu kimi, təhsil ekosisteminə, xüsusilə onun infrastrukturuna, o cümlədən coğrafiyasının daralmasına və mahiyyətinin dəyişməsinə təsir etdi. 30 ilə yaxın işğal müddətində digər infrastruktur və tarixi, mədəni, mənəvi abidələr kimi təhsil müəssisələri də məhv edilmişdir. 1991-1992-ci illərdə ölkədə baş almış hərc-mərcilik, siyasi hakimiyyətin milli maraqları təmin edə bilməməsinin nəticəsi olaraq iqtisadi inkişafa nəinki nail olunmuş, əksinə, əvvəlki dövrlərdə mövcud iqtisadi potensial da tükənmiş və tənəzzülə uğramışdır. Bu hadisələrə paralel olaraq ölkə ərazilərinin  işğalı sosial böhran şəraiti yaratmış, yüz minlərlə məktəblinin ölkənin müxtəlif təhsil ocaqlarına cəlb olunması kimi aktual məsələlər yaratmışdır. 

Azərbaycan üçün belə məsuliyyətli dövrdə onu bu xaosdan və böhrandan çıxara biləcək yeganə tarixi şəxsiyyət olan Heydər Əliyevin 1993-cü ildən etibarən həyata keçirdiyi uzaqgörən iqtisadi və sosial strategiyası qaçqın və məcburi köçkün gənclərin yeni təhsil mühitinə inteqrasiyasını təmin etmiş, işğal edilmiş rayonlardan məcburən köçmüş pedaqoji heyətin işlə təmin olunması ilə nəticələnmişdir. Təhsil siyasətinin qarşısında duran bu mühüm çağırış Heydər Əliyevin rəhbərliyi altında uğurla həll edilmiş, təhsilin təşkili həyata keçirilmişdir. Bu dövrdə məcburi köçkün həyatı yaşamış on minlərlə şagird olaraq hər birimiz Ulu Öndərin rəhbərliyi altında inkişaf edən təhsil sistemindən bəhrələnmiş və ali təhsil almışıq.  

Beləliklə, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtmasından sonrakı dövrdə bu sahənin inkişafında yeni bir mərhələ başladı. Müstəqil dövlətin iqtisadi inkişafının təmin olunması, daxili və xarici siyasətdə uğurlu nəticələrin əldə olunması üçün təhsilin inkişafına xüsusi önəm verildi, kadr hazırlığı məsələləri diqqət mərkəzində saxlanıldı. 
Prezident İlham Əliyevin uğurlu təhsil siyasətinin mühüm şərtlərindən biri bu siyasətin əsasında Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasının dayanmasıdır. Məhz 2003-cü ildən etibarən Azərbaycan gənclərinin təhsil imkanlarının artırılması, bütün pillə və səviyyələr üzrə təhsilə əlçatanlığın təmin olunması, onun coğrafiyasının genişləndirilməsi bu siyasətin əsasında duran mühüm hədəflərdəndir. Prezident İlham Əliyevin siyasəti təhsilə əlçatanlığı təmin etmək məqsədi ilə müxtəlif dövlət proqramlarını həyata keçirməyi özündə ehtiva edir, müəyyən layihələr vasitəsi ilə gənclərin istər yerli, istərsə də xarici ali məktəblərdə təhsil imkanlarını genişləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında  azərbaycanlı mütəxəssislərin beynəlxalq rəqabətə davamlılığı istiqamətində mühüm addımlar atılmış, ali təhsil müəssisələrinin inkişafı, onların beynəlmilləşməsi və keyfiyyətin artırılması istiqamətində mühüm işlər görülməkdədir. Bu sahədə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr istər ümumi təhsil, istərsə də daha yuxarı təhsil pillələri və səviyyələri üzrə həm təhsilin, həm də bütövlükdə gəncliyin inkişafına yönəlmişdir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi ölkəmizin tarixinin yeni dönəmində qarşıda mühüm prioritetlər formalaşdırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri gələcək inkişafımızın istiqamətlərini və prioritetlərini qarşımızda aydın şəkildə müəyyən edir, ali təhsil müəssisəsi olaraq kadr hazırlığı prosesində qarşımızda duran vəzifələri uğurla yerinə yetirmək üçün məsuliyyətləri müəyyən edir. 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan təhsilinin uğurlu inkişafı müasir qlobal çağırışlar, dinamik elmi və elmi-texnoloji inkişaf fonunda Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da dövlətimizin, iqtisadiyyatımızın və cəmiyyətimizin uğurlu gələcəyi naminə sürətlə davam edəcək. 

Anar NAĞIYEV,
Bakı Slavyan Universitetinin rektoru

https://www.azerbaijan-news.az/az/posts/detail/heyder-eliyev-ve-tehsil-siyaseti-1670880755