Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev dekabrın 9-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə media savadlılığı mövzusunda məlumatlılığın artırılması məqsədilə Bakı şəhəri və regionlarda yaşayan 300 nəfərə yaxın gəncin iştirakı ilə Bakı Gənclər Mərkəzində keçirilən “Media savadlılığı” konfransında iştirak edib.
“Müasir informasiya mühitində media təhsili” mövzusunda panel sessiyada rektor Anar Nağıyev "Media savadlılığı və universitetlər" mövzusunda çıxış edib. O, beynəlxalq təcrübəyə istinad edərək, media savadlılığının formal təhsil səviyyəsində tədris edilməsinin uşaq, yeniyetmə və gənclərin medianın mənfi təsirlərinə qarşı məlumatlılığının artırılmasında mühüm qoruyucu rol oynadığını diqqətə çatdırıb. "Ali təhsil prosesində media savadlılığı məsələsindən danışırıqsa, burada mühüm suallardan biri savadlılıqla təhsil məsələləri arasındakı uzlaşmanı tapmaqdır. Media savadlılığından və yaxud media təhsilindən danışanda, ona çox sadə sual kontekstindən yanaşa bilərik. "Savadlılıq nədir və "Təhsil nədir?", onların auditoriyaları, metodları və vasitələri, eyni zamanda məkanları nəzərə alınmalıdır. Media savadlılığının təmin olunması kontekstində bu daha geniş - auditoriyadan kənar proqramlar daxil olmaqla, həmçinin onun kontekstində məhdudlaşmamaqla daha geniş bir anlama gəlib çıxır. Biz müasir rəqəmsal bilik cəmiyyətində yaşayırıq" - deyə Anar Nağıyev qeyd edib. Bununla yanaşı, bilik cəmiyyətinin bizə çoxlu rəqəmsal bacarıqlar verdiyini vurğulayan rektor rəqəmsal texnologiyalarin inkişaf etdiyini, ona görə də, müasir mediadan danışanda ənənəvi mediadan fərqli olaraq, indiki medianın rəqəmsal media adlandırıldığını diqqətə çatdırıb. "Burda texnoloji inkişaf, eyni zamanda, internetin surəti, əlçatanlığı kifayət qədər informasiya yaratmaq, informasiyanın yayılması imkanını, eləcə də, onu necə təhlil etmək və emal etmək kimi bacarıqlarını labüd edir. Nəticə etibarilə, müasir bilik cəmiyyətinin reallıqlarından biri ondan ibarətdir ki, hər kəs peşəsindən, strukturdan asılı olmayaraq məlumat yarada bilən rolunda iştirak edə bilir, eyni zamanda o məlumatın yayılması da çox sürətli şəkildə baş verir"- deyə Anar Nağıyev vurğulayıb.
Tədbirdə BSU-nun jurnalistika ixtisasında təhsil alan bir qrup tələbəsi də fəal iştirak ediblər.