Dekabrın 6-da Bakı Slavyan Universitetinin (BSU) Belarus dili və mədəniyyəti mərkəzində Olimpiya Mədəniyyəti və Təhsil Proqramı OCEP-2022 layihəsinin iştirakçısı olan 164 saylı tam orta məktəbinin bir qrup müəllim və şagirdlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə məktəblilər öz təqdimat və çıxışlarında Belarusun tarixindən, mədəniyyətindən, milli adət-ənənələrindən geniş məlumat veriblər.
Məktəbin VII sinif şagirdi Ələkbər Abdullayev öz təqdimatında 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsi zamanı azərbaycanlı əsgərlərin Belarus cəbhəsində göstərdikləri qəhrəmanlıqlardan və etdikləri fədakarlıqlardan danışıb.
Regionşünaslıq (Belarusiya üzrə) ixtisası üzrə təhsil alan BSU tələbələri isə məktəblilərə oxuduqları ixtisas və universitet haqqında ətraflı məlumat təqdim ediblər.
Qeyd edək ki, BSU Belarus dili və mədəniyyəti mərkəzi M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin, Belarus Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılıb, 2010-cu ildə Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə açılışı olub.