BSU-da YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə ilə görüş keçirilib

Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib.

Görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb: “Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir”.

Sonra çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev vurğulayıb ki, hər bir xalqın tarixində öz xalqının dəstəyini alan böyük liderləri olur: “Azərbaycan xalqının belə böyük tarixi şəxsiyyəti ulu öndər Heydər Əliyevdir. Biz xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi Ulu Öndərimiz var”.

Daha sonra Partiyanın Veteranlar Şurasının üzvü professor Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini gənclər və tədbir iştirakçıları ilə bölüşərək deyib: “Heydər Əliyevi bütün xalq sevirdi, dünyanın böyük siyasətçiləri onunla hesablaşırdı. Atdığı hər addım, dediyi hər söz çox maraqlı idi, ona görə də hamısını bircə-bircə qələmə alırdım. Bu cür qeydlər apardığım 60-a yaxın ümumi dəftərim var. Ulu Öndərlə işləyəndə başa düşdüm ki, tarixçi olmaq çox faydalıdır. Elə günlər olurdu ki, gecəni yatmayıb səhərədək işləyirdim. Lakin yorğunluq hiss etmirdim. Əsas odur ki, adam öz işini, seçdiyi yolu sevsin, belə olarsa, heç vaxt yorulmaz. O sevgini mənə həm atam, həm də dahi Heydər Əliyev bəxş edib. Bu gün Prezident İlham Əliyev “Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyir. Bu o deməkdir ki, o, hər bir azərbaycanlını, Azərbaycanın hər daşını, hər qarış torpağını sevir. Bu, çox böyük bir məsuliyyətdir”.

http://www.yap.org.az/az/view/news/68882/bsu-da-gorush-kechirilib