BSU-nun şəhid məzunu Elnur Allahverdizadənin xatirəsi yad edilib

Noyabrın 9-da Sumqayıt şəhər Şəhidlər xiyabanında Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin xatirəsi yad edilib.

Elnur Allahverdizadənin şəhid olmasının ildönümü ilə əlaqədar keçirilən anım mərasimində BSU-nun rektoru Anar Nağıyev, universitetin müəllim və əməkdaşları, Milli Məclisin  deputatı Müşfiq Məmmədli, şəhidin ailə üzvləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Elnur Allahverdizadənin Sumqayıt Şəhidlər xiyabanındakı məzarı ziyarət edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla anılıb.

Şəhid valideynləri ailələrinə göstərilən davamlı dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkür edib.

Allah rəhmət eləsin!