Noyabrın 3-də Bakı Slavyan Universitetində (BSU) “AZMUN - ölkəmizdə BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi” proqramı çərçivəsində məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə çıxış edən BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova belə klubların yaradılmasının gənclərimizin potensialını üzə çıxarmaq baxımından çox əhəmiyyətli olduğunu deyib. O, çıxışında BSU-da gənclər siyasəti istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ( ATGTİ) layihələr üzrə meneceri Leyla Hümbətzadə BMT Modeli klubları BMT orqanlarının simulyasiyasının tələbələrdə natiqlik qabiliyyətini inkişaf etdirdiyini, eyni zamanda, onlarda təmsil olunduqları nümayəndə heyətini düzgün təqdim etmək vərdişləri aşıladığını qeyd edib.
Tədbirdə Azərbaycanda BMT Modeli Hərəkatının fəaliyyətinə toxunulub, ali təhsil müəssisələrində BMT Modeli klublarının yaradılması, konfransların keçirilməsi və klublara üzv gənclərin şəbəkəsinin genişləndirilməsinin vacibliyi qeyd edilib. Həmçinin, AzMUN Proqramının gələcək fəaliyyət planı açıqlanıb.
Sonda “Nüvə silahlanmasının qarşısının alınması” mövzusunda qısa simulyasiya oyunu keçirilib. Simulyasiya zamanı gənclər müxtəlif ölkələrin nümayəndələri rolunda çıxış edərək, təmsil etdikləri ölkələrin sözügedən mövzu barədə mövqelərini bildiriblər.