BSU-nun şəhid məzunu Elnur Allahverdizadənin xatirəsinə həsr olunmuş "Mən Elnuram" adlı tədbir keçirilib

Noyabrın 3-də Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin xatirəsinə həsr olunmuş “Mən Elnuram” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elnur Allahverdizadənin şəhid olmasının ildönümü ilə bağlı keçirilən anım tədbirində BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Tərcümə fakültəsinin dekanı, dosent Nurlana Nağıyeva, Tərcümə fakültəsinin dekan müavini Zümrüd Yolçuyeva, şəhidin müəllimləri olmuş dosent Səbinə Tarıverdiyeva və dosent Kamran Hacıyev, Tərcümə fakültəsi nəzdində fəaliyyət göstərən kafedraların rəhbərləri – professor Rafiq Novruzov, professor Naidə Məmmədxanova, dosent Fatimə Vəliyeva, həmçinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov çıxış ediblər.

Çıxışçılar şəhidlik zirvəsinə ucalan tələbə məzunların gələcək nəsillərə örnək olduğunu qeyd edib, şəhid Elnur Allahverdizadə ilə bağlı öz xatirələrini bölüşüblər 

Tərcümə fakültəsinin tələbələri Aynurə Hümbətova, Vaqif Qəhrəmanov, Fatimə Rəşidova şeirlər səsləndiriblər.

Tələbə Həbib Abbasov gitarada "Şəhidlər" mahnısını ifa edib. 

Sonra şəhid Elnur Allahverdizadənin qəhrəmanlıq yolunu əks etdirən videoçarx nümayiş olunub.