BSU-nun bir qrup tələbə və magistrantı Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər

Oktyabrın 19-da Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbə və magistrantı Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər. Bələdçilər muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı tələbə və magistrantlara ətraflı məlumat veriblər Magistrantlar və tələbələr qədim dövrlərdən müasir dövrlərədək inkişaf yolu keçən bir çox silah və döyüş texnikaları ilə yaxından tanış olublar. I və II Dünya müharibələrində soydaşlarımızın göstərdiyi misilsiz qəhrəmanlıqlar, həmçinin, 1988-1994-cü illərdə ermənilərin ərazi bütövlüyümüzə qarşı təcavüzü zamanı döyüşlərdə igidlik göstərən qəhrəmanlarımız barədə geniş söhbət açılıb.

Muzey əməkdaşları 44 gün davam edən Vətən müharibəsində ordumuzun düşmən üzərində qazandığı şanlı və qətiyyətli zəfərindən və bu zəfəri bizə bəxş edən qəhrəman oğullarımızdan qürur hissi ilə danışıblar. Bələdçilərin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və yaxınları tərəfindən muzeyə təhvil verilən şəhidlərimizə məxsus şəxsi əşyalar da nümayiş olunub.

Daha sonra tələbə və magistrantlar Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində - açıq havada təşkil olunan çoxsaylı tanklar, zirehli texnikalar, raket-artilleriya qurğuları, hərbi təyyarələr, helikopterlər, gəmi qurğuları ilə təchiz olunmuş ərazi ilə də tanış olublar.

Ekskursiya zamanı tələbələrin xeyli sayda silah və döyüş texnikaları, həmçinin hərbi eksponatları izləmək və xarakteristikaları ilə bağlı geniş məlumat toplamaq imkanları olub.