BSU-da birinci kurs tələbələri üçün “Nicat yolu” sənədli filminin nümayişi olub

Oktyabrın 14-də Bakı Slavyan Universitetində (BSU) birinci kurs tələbələri üçün  bu ali təhsil müəssisəsinin  şəhid məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı Nicat Şükürlünün xatirəsinə həsr olunmuş  “Nicat yolu” sənədli filminin nümayişi olub. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz və müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış  edən  BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizlə birgə BSU-nun şəhid məzunlarının xatirəsinin də hər zaman qəlblərdə yaşayacağını qeyd edib. Filmin ərsəyə gəlməsinə görə BSU-nun rektoru, filmin ideya müəllifi Anar Nağıyev başda olmaqla filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirib.

Filmin ssenari müəllifi və rejissoru, BSU-nun Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov  Vətən müharibəsində əldə olunmuş qələbənin təbliğ olunmasında və gənclərdə vətənpərvərlik duyğularının inkişaf etdirilməsində bu kimi filmlərin əhəmiyyətindən danışıb.  Filmin əsas məqsədnin Nicat Şükürlünün timsalında Azərbaycan gəncinin obrazını yaratmaq olduğunu deyib.

Sonra sənədli filmin nümayişi başlayıb. Filmdə şəhidin ailə üzvlərinin, orta məktəb və universitet müəllimlərinin, sinif və qrup yoldaşlarının, yaxınlarının onun keçdiyi həyat yoluna işıq salması, xatirələrini bölüşməsi öz əksini tapıb.