Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Təhsildə Keyfiyyəti Təminatı Agentliyinin (TKTA) potensialının gücləndirilməsi məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsinin eksperti, akkreditasiya və keyfiyyət təminatı üzrə beynəlxalq ekspert Axim Hopbaxla görüş keçirib.
Görüşdə layihənin koordinatoru İlkin Əsgərov, TKTA-nın və lisenziya şöbəsinin müdiri Elmar Mustafayev iştirak ediblər.
Rektor Anar Nağıyev qonaqları salamlayaraq, onları universitetdə görməkdən məmnun olduğunu ifadə edib. Anar Nağıyev BSU-nun tarixindən söz açaraq, universitetin müəllim kadrların hazırlanmasında xüsusi çəkisi olduğunu bildirib. O, hazırda müxtəlif slavyan dilləri ilə yanaşı, yunan, türk, azərbaycan dili üzrə pedaqoji, filoloji istiqamətlərdə tədrisin həyata keçirildiyini, həmçinin, müəllim hazırlığı aparıldığını qeyd edib.
Akkreditasiya və keyfiyyət təminatı üzrə beynəlxalq ekspert Axim Hopbax qəbula görə təşəkkür edərək sözügedən layihə ilə bağlı danışıb.
Qeyd olunub ki, sözügedən layihə TKTA-nın potensialının gücləndirilməsi, akkreditasiyanın qabaqcıl Avropa standartlarına uyğunlaşdırılması məqsədi daşıyır və bu məqsədlə ali təhsil müəssisələrinin rəhbər heyəti ilə görüşlər keçirilir.
Görüşdə keyfiyyətin təminatı, universitetin idarə olunması, akkreditasiya, təhsil prosesi və imtahan prosesinin təşkili, tədris proqramları, keyfiyyət mədəniyyəti və digər məsələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.