Oktyabrın 6-da Bakı Slavyan Universitetində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin bir qrup əməkdaşının iştirakı ilə Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü ilə əlaqədar seminar təşkil olunub.
Tədbirdə Xidmətin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov tələbələrə Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü ilə əlaqədar geniş və ətraflı məlumat verib, Ozondağıdıcı maddələrə dair Monreal Protokolu tərəfi olan ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında maarifləndirici tədbirlərin təşkilindən söhbət açıb.
Xidmətin İqlim dəyişmələri mərkəzinin baş mühəndisi Cəmilə Məmmədova və aparıcı mütəxəssisi Dilbər Şahpələngova öz təqdimatlarında ozon təbəqəsinin mühafizəsi ilə əlaqədar statistik məlumatlar veriblər.
Sonda tədbirin təşkilində göstərdiyi köməyə görə BSU-nun rəhbərliyi və əməkdaşları, eləcə də seminarda fəal iştirak edən tələbələr Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən təşəkkürnamə ilə təltif olunublar.