Oktyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycanda alman dili üzrə peşəkar kadrların hazırlanmasında xüsusi xidmətləri olan tərcüməçi-alim, dosent Vilayət Hacıyevlə görüş keçirilib.
Görüşdə BSU-nun rektoru Anar Nağıyev 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə BSU-da çalışan professor-müəllim heyətinin timsalında bütün müəllimləri təbrik edib, onlara daşıdıqları şərəfli adı bundan sonra da zirvələrə qaldırmalarını arzulayıb. Anar Nağıyev sentyabrın 30-da Beynəlxalq Tərcüməçilər Günü münasibətilə universitetdə keçirilən tədbiri xatırladaraq, Vilayət Hacıyevin Azərbaycanda tərcümə sahəsində peşəkar kadrların hazırlanmasında əvəzsiz rolundan söz açıb. Vilayət Hacıyevin uzun illər tərcüməçilik sənətinə öz böyük töhfələrini verdiyini deyən rektor onun çoxsaylı tələbələrinin peşəkar tərcümə karyerasına yiyələndiklərini vurğulayıb. Bununla yanaşı, Vilayət Hacıyevin həm də əsl vətəndaş, əsl müəllim olduğunu qeyd edib.
BSU-nun Psixologiya və pedaqogika kafedrasının dosenti Əzim Əliyev Vilayət Hacıyevin həyat və yaradıcılığından söz açıb, onun pedaqoq və müəllim kimi tələbələrin hər zaman sevimlisi olduğunu qeyd edib.
Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının professoru Rafiq Novruzov Vilayət Hacıyevin gənclik illərindən tərcümə sahəsində çox böyük işlərə imza atdığını, alman ədəbiyyatının, alman fəlsəfi fikrinin görkəmli nümayəndələrinin Azərbaycan oxucusuna yüksək səviyyədə təqdim olunmasında məhz Vilayət Hacıyevin rolu olduğunu deyib.
Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova çıxış edərək, uzun illər Vilayət Hacıyevin rəhbərlik etdiyi fakültəni təmsil etməkdən qürur duyduğunu bildirib, xoş arzularını ifadə edib.
Vilayət Hacıyevin tələbəsi olmuş, BSU-nun Germanistika İnstitutunun müdiri Sevinc Rzayeva öz müəllimi haqqında xoş təəssüratlarını dilə gətirib. O, Vilayət Hacıyevin hər zaman tələbələrin dərin hörmətini qazandığını deyərək, həm də tələbkar müəllim olduğunu qeyd edib.
Sonda çıxış edən Vilayət Hacıyev tədbirin təşkilinə görə BSU rektoru Anar Nağıyevə təşəkkür edib. O, bu təhsil ocağını həmişə özünə doğma hesab etdiyini deyib. Vilayət Hacıyev hər bir müəllim üçün yetişdirdiyi gənc nəslin nailiyyətlərinin əsas göstərici olduğunu qeyd edib. Bu baxımdan, o, bir müəllim və tərcüməçi kimi öz tələbələri ilə, onların uğurları ilə qürurlandığını diqqətə çatdırıb.
Tədbirin sonunda Anar Nağıyev “Peşəkar tərcüməçilərin hazırlanması işində müstəsna rolu olan, leksikoqrafiya sahəsində yüksək nailiyyətlər əldə etmiş, mütərcim kimi bədii tərcümələri ilə yüksək peşəkarlıq nümunəsi yaratmış Vilayət Hacıyevi "30 sentyabr Beynəlxalq Tərcüməçilər Günü" münasibətilə” Fəxri diplomla təltif edib.