BSU-nun rektoru Çexiya səfirini qəbul edib

 

Sentyabrın 22-də Bakı Slavyan Universitetinin ( BSU) rektoru Anar Nağıyev Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Milan Sedlaçeki və müavini Daniel Putiki qəbul edib.

Görüşdə həmçinin, Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Sevda Axundova, Tərcümə fakültəsinin dekanı, dosent Nurlana Nağıyeva, Beynəlxalq proqramlar və akademik mobillik şöbəsinin müdiri Ülviyyə Məmmədova və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Quliyeva iştirak ediblər.

Rektor Anar Nağıyev 26 sentyabr tarixində keçiriləcək Avropa Dillər Gününün təşkilində, eləcə də Avropa Ədəbiyyat Gecəsində BSU tələbələrinin iştirakı, BSU-da həyata keçirilən təhsil proqramları, o cümlədən çex dili üzrə kadr hazırlığı prosesi haqqında məlumat verib.

Görüşdə BSU ilə Çexiya universitetləri arasında ikili diplom və mobillik proqramlarının, birgə tədqiqat layihələrinin həyata keçirilməsi imkanları, BSU-da 2010-cu ildən fəaliyyət göstərən Çex dili və mədəniyyət mərkəzinin işinin optimallaşdırılması haqqında fikir mübadiləsi aparılıb.