BSU-da Siyasi elmlər və diplomatiya üzrə Yay məktəbinin bağlanış mərasimi keçirilib

İyulun 14-də Bakı Slavyan Universitetinin (BSU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi (İB) ilə birgə Şamaxı rayonunda təşkil etdiyi Siyasi elmlər və diplomatiya üzrə Yay məktəbinin BSU-da bağlanış mərasimi keçirilib.

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Ülvi Əlizadə, Yay məktəbinin iştirakçıları və universitetin əməkdaşları iştirak ediblər.

Tədbiri açan rektor Anar Nağıyev Yay məktəbinin iştirakçılarını salamlayaraq, onları BSU-da görməkdən məmnunluğunu bildirib. O, deyib ki, Təhsil Nazirliyinin dəstəyi ilə, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və BSU-nun əməkdaşlığı çərçivəsində reallaşdırılan siyasi elmlər və diplomatiya üzrə ilk Yay məktəbində Azərbaycanın müxtəlif ali təhsil müəsssisələri, həmçinin xarici universitetləri təmsil edən savadlı, ağıllı, vətənpərvər, geniş dünyagörüşünə malik gənclərin iştirakı çox diqqətəlayiqdir. O, vurğulayıb ki, bu gənclərin sırasında BSU-nun tələbələrinin də olması sevindirici haldır. Rektor gənclərin Yay məktəbində ünsiyyətinin davamlı və bundan sonra da bu şəbəkələşmənin uğurlu olacağına inamını ifadə edib. O, Təhsil naziri Emin Əmrullayev başda olmaqla, nazirliyin bu layihədə əməyi keçən bütün əməkdaşlarına, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin komandasına öz təşəkkürünü bildirib. Yay məktəbində ölkədə tədqiqat mühitində kifayət qədər nüfuz qazanmış, tanınmış mütəxəssislərin təqdimatları və məruzələrinin iştirakçılar üçün səmərəli və faydalı olduğuna əminliyini bildirib. Anar Nağıyev bütün iştirakçılara təşəkkür edərək, gələcək karyeralarında uğurlar arzulayıb.

"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Ülvi Əlizadə, öz növbəsində, rektor Anar Nağıyevə və BSU kollektivinə təşəkkür edib. O, gələcəkdə birgə layihələrin təşkil olunacağına və əməkdaşlığın davam edəcəyinə  əminlik ifadə edib. Ülvi Əlizadə bütün iştirakçılara təşəkkür edərək hər birinə uğurlar arzulayıb.

Yay məktəbinin iştirakçıları çıxış edərək, tədbirin maraqlı, geniş məzmunlu olduğunu diqqətə çatdırıblar, yüksək səviyyədə təşkilatçılığa görə bütün təşkilatçılara təşəkkür ediblər. 

Xatırladaq ki, 9-14 iyul 2022-ci il tarixlərini əhatə edən Yay məktəbinə ölkə üzrə, ümumilikdə, 15 universitetin müvafiq ixtisaslarda təhsil alan tələbə və magistrantları cəlb edilib.

Yay məktəbində Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov və digər təlimçilərin məruzə və təqdimatlarından ibarət informativ sessiyalar təqdim olunub.

Sessiyalar təqdim olunan mövzular ətrafında qrup müzakirələri formatında davam etdirilib. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli istifadəsi məqsədilə “Nə? Harada? Nə zaman?” bilik yarışması və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil edilib.

Qeyd edək ki, Yay məktəbinin keçirilməsində əsas məqsəd tələbələrə müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif siyasi səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.

 

 

Bir 6 kişi ve iç mekan görseli olabilir

Bir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 4 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir

Bir 4 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 5 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir

Bir 5 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir