BSU-da Əməkdar incəsənət xadimi Vaqif Mustafayevlə görüş keçirilib

İyulun 1-də Bakı Slavyan Universitetində (BSU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə tanınmış kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi, Xalq artisti, Dövlət Mükafatı laureatı, Avrasiya Televiziya Akademiyasının birinci vitse-prezidenti, Avropa Kino Akademiyasının üzvü Vaqif Mustafayevlə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva incəsənətin və humanitar elmlərin həyata, eləcə də həyatın incəsənət və humanitar elmlərə təsirindən danışıb və bu baxımdan bugünkü görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Kinorejissor Vaqif Mustafayev görüşün keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib və öz yaradıcılığı, o cümlədən bioqrafik janrda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi "Heydər Əliyev" sənədli filmi barədə geniş məlumat verib.

Görüşdə Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyeva, dosenti Fərrux Məmmədov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Səməngül Qafarova, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Səbinə Ağababayeva və digərləri rejissora çəkdiyi filmlər, həmçinin pedaqoji fəaliyyəti barədə müxtəlif suallar ünvanlayıblar.