Frankofoniya Universitetlər Agentliyinin regional direktoru BSU-da olub

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev iyunun 22-də Frankofoniya Universitetlər Agentliyinin regional direktoru Mohamed Ketata ilə görüşüb. Görüşdə Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın tədris departamentinin rəhbəri Lətifə Nəsibova da iştirak edib.

Rektor Anar Nağıyev qonaqları salamlayaraq, onları həm zəngin akademik tarixə malik, həm də gənc ali təhsil müəssisəsi olan BSU-da görməkdən məmnunluğunu ifadə edib. O, regionun slavyanşünaslıq üzrə birinci universiteti olan BSU-nun tarixindən söz açaraq, bu ali təhsil ocağının Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradıldığını və bununla da, BSU-nun yeni bir mərhələyə keçid etdiyini qeyd edib. Rektor universitetin fəaliyyətindən, tədris proqramlarından, beynəlxalq əlaqələrindən, fakültə və ixtisaslardan bəhs edərək, fransız dili üzrə müəllim kadrların yetişdirilməsindən də danışıb.

Frankofoniya Universitetlər Agentliyinin regional direktoru Mohamed Ketata səmimi qəbula görə təşəkkür edib. O, təmsil etdiyi qurum haqqında geniş məlumat verərək, qurumun tarixindən, məqsədindən, fəaliyyətindən, müxtəlif universitetlərlə əlaqələrindən, eyni zamanda, agentliyə üzvlüklə bağlı ətraflı bəhs edib. O, həmçinin agentliyin proqramlar və layihələri, o cümlədən təqaüdləri haqqında danışıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq, BSU-nun agentliyin layihələrində iştirakı, müəllim-tələbə mübadiləsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.