BSU-nun Məktəb-Lisey Kompleksində " Son zəng" tədbiri keçirilib

İyunun 14-də Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində "Son zəng" tədbiri keçirilib. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq keçirilən " Son zəng" tədbirində BSU-nun Məktəb-Lisey Kompleksinin rəhbərliyi, müəllim və şagirdləri, Təhsil Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, valideyn komitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun Məktəb-Lisey Kompleksinin direktoru, dosent İlahə Carçiyeva məzunları təbrik edib, onlara möhkəm cansağlığı, həyatda və təhsildə böyük nailiyyətlər, uğurlu karyera arzulayıb.Bildirib ki, bu il BSU-nun Məktəb-Lisey Kompleksinin XI sinfini 86 nəfər şagird bitirir. Onlardan 3 nəfəri qızıl medal almağa namizəddir. Qeyd edib ki, BSU-nun Məktəb-Lisey Kompleksinin məzunları ali məktəblərə qəbul imtahanlarında layiqli nəticələr əldə ediblər və bu, bizi çox sevindirir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfər xalqımızın nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Direktor İlahə Carçiyeva çıxışının sonunda bu təhsil müəssisəsinin məzunlarının yaxın gələcəkdə yüksək səviyyəli mütəxəssislər kimi Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində fəal iştirak edəcəklərinə inandığını vurğulayıb.

Sonra BSU-nun Məktəb-Lisey Kompleksinin I sinif şagirdləri şeirlər söyləyiblər və məzunların yollarını layiqincə davam etdirəcəklərini bildiriblər.

Daha sonra direktor müavinləri,sinif rəhbərləri və müəllimlər məzunları təbrik edərək, onlara xoş arzu və diləklərini çatdırıblar.


Məzunlar və onların valideynləri göstərilən diqqət və qayğıya görə təhsil müəssisəsinin rəhbərliyinə və müəllimlərə minnətdarlıq ediblər.

Şagirdlərin səsləndirdikləri şeirlər, ifa etdikləri milli və xarici rəqslər tədbirə xüsusi rəng qatıb.


Tədbir məzunun BSU-nun Məktəb-Lisey Kompleksinin açarını rəmzi olaraq X sinif şagirdinə təhvil verməsi, " Son zəng" in səsləndirilməsi  ilə başa çatıb.