İyunun 13-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev bir qrup fəal tələbə ilə görüş keçirib.
Görüşdə rektor Anar Nağıyev bu günün tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun profilinin genişləndirilməsi ilə Bakı Slavyan Universiteti yaradılıb. 76 ilin elmi, pedaqoji təcrübəsinə malik BSU–nun 22 ildir ki, yeni bir formatda, yeni bir missiya ilə fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Rektor universitetin yeni loqotipində əks olunan elementlərin ifadə etdiyi mənalar haqqında tələbələrə məlumat verib. BSU-nun qarşısında duran hədəflərdən, növbəti 5 il ərzində tədqiqat universitetinə çevrilməsi üçün görüləcək işlərdən söz açıb. Geniş öyrənmə və bacarıq imkanlarına maliki tələbələr və böyük professor-müəllim heyəti ilə birlikdə universitetin qarşıda qoyulan hədəflərinə çatacağına əminliyini ifadə edib.
Anar Nağıyev vurğulayıb ki, görüşün keçirilməsində məqsəd universitetin həm öyrənmə, öyrətmə, həm də aktiv tələbə həyatını bir araya gətirməyi bacaran məkan olduğunu diqqətə çatdırmaqdır.
Rektor ötən həftə ölkə üzrə tələbə təşkilatları ilə keçirilən görüşdə universitetdə tələbə idaretməsi və tələbə təşkilatlarının gücləndirilməsi ilə bağlı müzakirələrin aparıldığını bildirib. Həmçinin, tələbələrin yiyələndikləri peşələrin mütəxəssiləri kimi BSU-nun məzunları olaraq ölkəmizin gələcək inkişafına töhfə verəcəklərinə də əmin olduğunu bildirib.
Sonda rektor, prorektorlar və fakültə dekanları tərəfindən fəal tələbələrə təşəkkürnamələr təqdim olunub.