BSU– Regionun Slavyanşünaslıq üzrə birinci universiteti

Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə ölkənin təhsil sisteminin təkmilləşdirilməsi ilə əlaqədar M.F.Axundov adına  Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun əsasında unikal  tədris müəssisəsi olan Bakı Slavyan Universitetinin fəaliyyətinə qərar verildi.

Regionun slavyanşünaslıq üzrə ilk universiteti olan BSU indi 75 illik tədris və tədqiqat, 4000 tələbə, 600 akademik heyət, 75 bakalavr, magistr və doktorantura proqramı ilə Cənubi Qafqazda Slavistika (slavyanşünaslığın tədrisi və tədqiqi) üzrə birinci və ən böyük ali təhsil ocağıdır.

Hazırda Bakı Slavyan Universiteti dillərin tədrisi, filologiya, tərcüməçilik, təhsil, beynəlxalq münasibətlər və regionşünaslıq da daxil olmaqla, akademik fənlərin geniş spektrini öyrənməklə, maraqlı tədbirlər və layihələrlə tələbələr üçün zəngin təhsil mühiti yaradır.

Hazırda Bakı Slavyan Universiteti daha geniş əməkdaşlıqları və regional üfiqləri hədəfləyir. Türkiyə və Yaxın Şərqdən olan tələbələr, eləcə də Avropada slavyanşünaslıq üzrə müxtəlif təhsil proqramlarında təhsil alan tələbələr üçün qısa müddətli kredit (mübadilə) proqramları təklif edir, ikili beynəlxalq proqramların tətbiqini planlayır.

Qeyd olunmalıdır ki, BSU-da 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsinə iki yeni ixtisas –“Psixologiya” və “Korreksiyaedici təlim” ixtisasları üzrə tələbə qəbulu həyata keçiriləcək.

III ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisaslara ümumilikdə 30 yer nəzərdə tutulur. Bununla da, BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı artaraq 13 olacaq.