BSU Türkiyədə keçirilən təhsil sərgisində təmsil olunur

İyunun 11-də Türkiyənin İstanbul Kent Universitetində Azərbaycan universitetlərinin sərgisi öz işinə başlayıb. Slavyanşünaslıq üzrə regionun birinci universiteti olan Bakı Slavyan Universiteti də sərgidə təmsil olunur. 11-12 iyun tarixlərində davam edəcək sərgidə BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanı Ülviyyə Məmmədova və Tərcümə fakültəsinin tyutoru Nazpəri Əhmədova iştirak edirlər.

BSU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanı Ülviyyə Məmmədova Türkiyənin "Haber Global" və "Beyaz" TV kanallarına müsahibə verib və BSU-nun fəaliyyəti, təlim-tədris prosesinin təşkili, beynəlxalq əlaqələri və əcnəbi tələbələr üçün təhsil imkanlarından söz açıb.

Sərgidə BSU ilə yanaşı, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Texniki Universiteti (ATU) təmsil olunur.

Sərgi qardaş ölkənin mediası və təhsil ictimaiyyətinin diqqətini cəlb edib, belə tədbirin təşkil olunmasının Azərbaycan və Türkiyənin təhsil sahəsində əlaqələrinin daha da güclədirilməsi baxımdan xüsusilə önəmli olduğu bildirilib.

Məqsəd Azərbaycan universitetlərinin təbliği və xarici ölkələrin tələbələrinin diqqətini ölkəmizin ali təhsil müəssisələrinə cəlb etməkdən ibarətdir.

Ölkəmizin hüdudlarından kənarda belə tədbirlərin keçirilməsi Azərbaycan təhsilinin dünya miqyasında tanıdılması, eyni zamanda təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.