BSU-nun rektoru ATGTİ nümayəndələri ilə görüşüb

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli və ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadə ilə görüşüb.

Görüşdə rektor Anar Nağıyev BSU-nun özünəməxsus ənənələrə malik olan ali təhsil ocağı olduğunu qeyd edərək, universitetin yaranma tarixindən söz açıb. O, bildirib ki, BSU unikal bir ali təhsil müəssisəsi olaraq Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun bazasında yaradılıb. Rektor 22 ildir BSU kimi fəaliyyət göstərən universitetin ali pedaqoji kadrların hazırlanmasında 75 illik təcrübəsinin olduğunu vurğulayıb. Anar Nağıyev deyib ki, BSU əmək bazarında yüksək ixtisaslı, keyfiyyətli kadrların hazırlanmasında və ölkəmizin  inkişafında öz yerini tutan bir təhsil ocağıdır. O, gənclərin bilik və bacarıqlarının formalaşmasımnda, onların universitetin idarəetməsində rolunun gücləndirilməsində və bütövlükdə gənclərin həm vətəndaş kimi, həm də peşəkar olaraq yetişməsi üçün bilik və bacarıqların artırılması məqsədilə həyata keçirilən işlərin önəmini qeyd edib. Rektor Anar Nağıyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, BSU-nun gənclər təşkilatının rolunun gücləndirilməsi istiqamətində görüləcək işlərdən söz açıb. Bu istiqamətdə tələbə təşəbbüslərinə dəstək göstərməyə hazır olduğunu bildirib. Rektor universitetlərdə tələbə idarəetməsinin vacibliyini vurğulayaraq, müasir universitet həyatının formatının tələbəyönümlü fəaliyyət olduğunu qeyd edib.

ATGTİ-nin sədri Pərviz Mirələmli təhsil sahəsində aparıcı rol oynamış BSU-nun gənclər təşkilatlarının fəaliyyətində önəmli rolunu diqqətə çatdırıb. ATGTİ-nin fəaliyyətindən söz açaraq pandemiya dövründə ictimai-sosial fəaliyyətin bir qədər azaldığını və onlayn platformalarda fəaliyyətin qurulduğunu deyib. Ali təhsil müəssisələri ilə əməkdaşlıqdan söz açaraq BSU ilə bu aspektdə fəaliyyətin genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadə İttifaqın müxtəlif layihələrində BSU tələbələrinin iştirak imkanlarından, həmçinin intellektual, beynəlxalq və digər yarış və müsabiqələrdə, o cümlədən “Enactus” müsabiqəsinə BSU-nun tələbələrinin cəlb olunması imkanlarından bəhs edib. 

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.