BSU-da yeni ixtisaslar açılıb

Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsinə iki yeni ixtisas - “Psixologiya” və “Korreksiyaedici təlim” ixtisasları üzrə tələbə qəbulu həyata keçiriləcək.

III ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisaslara ümumilikdə 30 yer nəzərdə tutulur. Bununla da, BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı artaraq 13 olacaq.

Böyük nəzəri və praktik əhəmiyyət kəsb edən və aktuallığı artmaqda olan psixologiya elmi müasir biliyin fundamental əsasını təşkil edir. Bu sahədə savadlı və peşəkar kadr hazırlamaq üçün Universitetin təcrübəli professor müəllim heyəti fəaliyyət göstərir. Bu ixtisası seçərək, abituriyentlər gələcək xəyallarını gerçəkləşdirib, peşəkar psixoloq ola bilərlər.

“Korreksiyaedici təlim” təhsil proqramının reallaşdırılmasını, yüksək təlim nəticələrinə yiyələnmiş rəqabət qabiliyyətli mütəxəssislərin yetişdirilməsini həyata keçirəcək. Yeni ixtisas üzrə gələcək mütəxəssislər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün dövlət müəssisələrində, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində, psixologiya və reabilitasiya mərkəzlərində ixtisas istiqamətindən asılı olaraq defektoloq, xüsusi müəllim, loqoped və s. kimi fəaliyyət göstərə bilərlər.

 

Şəkilin açıqlaması yoxdur.