Polşa Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti BSU-da olub

İyunun 3-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yoanna Lixotskanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev və Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova da iştirak ediblər.   

          Rektor Anar Nağıyev qonaqları  salamlayaraq, onları BSU-da görməkdən məmnun olduğunu diqqətə çatdırıb. BSU haqqında məlumat verən rektor universitetin tarixindən söz açıb. O, Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 2000-ci ildə  M. F. Axundov adına  Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılan Bakı Slavyan Universitetinin müxtəlif dönəmlərdə inkişaf dövrlərini yaşadığını, ötən il BSU-nun 75 yaşını qeyd etdiyini bildirib. Universitetin mövcud təhsil proqramları haqqında danışan rektor təhsil, tərcümə, filologiya, beynəlxalq münasibətlər və regionşünaslıq, jurnalistika və digər istiqamətlər üzrə ixtisasların olduğunu deyib. O, bildirib ki, Polşa, Bolqarıstan, Çexiya, Yunanısan, Ukrayna, Rusiya və digər ölkələr üzrə regionşünaslıq ixtisasında həmin ölkələrin həm dili, həm tarixi və coğrafiyası, həm də ədəbiyyatı və mədəniyyəti tədris olunur. Polşanın Azərbaycandakı və Azərbaycanın Polşadakı səfirliklərinə öz təşəkkürünü ifadə edən Anar Nağıyev BSU-nun Polyak dili və Mədəniyyəti Mərkəzinə Polşanın Bakıdakı səfirliyinin hər zaman dəstəyinin olduğunu deyib. O, qeyd edib ki, Polşa səfirliyi ilə birgə əməkdaşlığın nəticəsidir ki, BSU-nun tələbələri və məzunları polşaşünas olmaqla yanaşı, xüsusən dil bilikləri üzrə ixtisaslaşıblar. Bu illər ərzində BSU-nun Polşa universitetləri ilə əlaqələrinin inkişaf etdiyini, tələbələrin yay məktəblərində iştirak etdiklərini qeyd edib. Bu sahədə atılan addımlardan bəhs edərək rektor Azərbaycanın Polşadakı səfirliyinə əlaqələrin inkişafında verdiyi dəstəyə görə də təşəkkür edib. O, əmin olduğunu bildirib ki, bu əməkdaşlıq növbəti mərhələyə qalxacaq. Anar Nağıyev BSU-nun qarşısında duran əsas məqsədlərdən birinin yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması  olduğunu bildirib. BSU-nun polşaşünaslıq, o cümlədən slavyanşünaslıqla bağlı  layihələrdə maraqlı olduğunu bildirən rektor regionda bu istiqamət üzrə ən böyük və yeganə ali məktəb olduğunu bildirib. BSU-nun polyak dili üzrə  sertifikasiya mərkəzinə çevrilməsinin mümkünlüyünü  qeyd edən Anar Nağıyev bu ali məktəbin slavyanşünaslıq üzrə təhsil proqramları təklif etdiyini diqqətə çatdırıb. “Biz Polşa universitetləri üçün Mərkəzi Asiyaya və daha geniş regiona çıxış rolunu oynaya bilərik”,- deyə o, qeyd edib. Bu baxımdan, BSU-da kadr potensialının formalaşdığını bildirən rektor əlaqələrin daha da genişləndirilməsinə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.         

Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yoanna Lixotska səmimi qəbula görə təşəkkür edərək, hazırda 1700 azərbaycanlı tələbənin Polşa universitetlərində təhsil aldığını və bunun  sevindirici hal olduğunu  deyib. O əlaqələrimizin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib. Azərbaycan-Polşa elmi əlaqələrinin inkişafı,  birgə elmi tədqiqatların aparılması,  birgə konfransların təşkili və məqalələrin dərci ilə bağlı təkliflərini səsləndirib. Qonaq əlaqələrin  inkişafında təhsilin önəmli yer tutduğunu vurğulayıb. Polşada azərbaycanlı tələbələrin təhsil alması, BSU-nun məzunlarının doktorantura təhsilini Polşa universitetlərində davam etdirməsi, ümumilikdə BSU tələbələri üçün beynəlxalq səviyyədə diplomların əldə olunması imkanlarının olduğunu bildirib.

Görüşdə univertsitetlərarası əməkdaşlıq, ikili diplom məsələləri, polyak tələbələrin Azərbaycanda təhsil almaları üçün imkanlar, müəllim-tədqiqatçı və tələbə mübadiləsi, elmi tədqiqatlar, Avropa İttifaqının layihələrində birgə iştirak və səmərəli əməkdaşlıq üçün digər imkanlar müzakirə olunub.

 Sonra nümayəndə heyəti BSU-da fəaliyyət göstərən Polyak dili və Mədəniyyəti Mərkəzi ilə yaxından tanış olublar və polşaşünas ixtisasında təhsil alan tələbələrlə görüşüblər.