Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri BSU-da olublar

Mayın 27-də Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin Bakı Slavyan Universitetinə səfəri təşkil olunub. Səfər orta ümumtəhsil məktəblərinin şagirdlərinin BSU ilə tanışlıq məqsədilə eksursiyalarının keçirilməsi çərçivəsində baş tutub.

Əvvəlcə BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, Muzeyi ilə tanış olan şagirdlərə bu ali təhsil müəssisəsinin yaranma tarixi, Azərbaycan elminə və təhsilinə verdiyi böyük töhfələr, məşhur məzunları, fəaliyyət göstərən fakültələr, tədris-mədəniyyət mərkəzləri, tədris olunan ixtisaslar, son vaxtlar universitetin müasir imicinin formalaşdırılması istiqamətində həyata keçirilən yeniliklər, layihələr barədə məlumat verilib.

Həmçinin, BSU-nun bir çox ölkələrlə qurduğu sıx tədris-mədəni əlaqələr, xarici əməkdaşlığı, Azərbaycanşünaslığın inkişafı, ölkəmizin qazandığı nailiyyətlərin beynəlxalq miqyasda təbliğ edilməsi sahəsində gördüyü işlər diqqətə çatdırılıb.

Şagirdlər fakültələrlə, tədris auditoriyaları, tədris-mədəniyyət mərkəzləri və elmi-tədqiqat laboratoriyaları, əsaslı kitabxana ilə tanış olublar.

BSU-ya ekskursiya şagirdlərdə xoş təəssürat yaradıb.