BSU əməkdaşları TİMSS 2019 qiymətləndirmə tədqiqatı üzrə nəticələrin müzakirəsində iştirak ediblər

Mayın 26-da Azərbaycan Respublikası Təhsil İnstitutunda (ARTİ) “Azərbaycanın TİMSS 2019 beynəlxalq qiymətləndirmə tədqiqatı üzrə nəticələrinin məzmun və idrak sahələri baxımından təhlili”nə dair təqdimat keçirilib.
Təqdimat ARTİ-nin direktor müavini Ülkər Babayeva, Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin əməkdaşları Zinyət Əmirova və Şirin Məmmədov tərəfindən təqdim olunub.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM), Bakı Şəhər Təhsil İdarəsinin (BTİ), müxtəlif orta və ali təhsil müəssisələrinin, o cümlədən Bakı Slavyan Universitetinin (BSU) əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ülkər Babayeva ümumi təhsil sahəsində mövcud olan əsas PİSA və TİMSS beynəlxalq qiymətləndirmə proqramları haqqında ətraflı məlumat verib. O, bildirib ki, sözüqedən TİMSS proqramı üzrə qiymətləndirmə bu dəfə 4-cü sinif şagirdləri arasında aparılıb.

Sualların məzmun baxımından təhlilini təqdim edən Şirin Məmmədov isə öz çıxışında o qeyd edib ki, təbiət elmlərindən fərqli olaraq Riyaziyyat üzrə 4-cü sinif şagirdlərinin bilikləri daha yüksək səviyyədədir. Bu TİMSS-in və Milli kurrikulumun məzmun xəttləri üst-üstə düşməsindən irəli gəlir. Zinyət Əmirova həmin qiymətləndirmənin idrak sahələri üzrə təhlilini aparıb.

Tədbirdə Riyaziyyat və Təbiət elmləri fənlərinin tədrisi ilə bağlı maraqlı təkliflər və tövsiyələr verilib.

Xatırladaq ki, TİMSS – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə proqramı Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən həyata keçirilən, 4-cü və 8-ci sinif şagirdlərinin Riyaziyyat və Elm biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Azərbaycan da həmin proqramda iştirak edir.