BSU-nun və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin birgə xeyriyyə tamaşası olub

Şəkilin açıqlaması yoxdur.

Mayın 23-də Bakı Slavyan Universitetinin (BSU) və Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə həmin təhsil müəssisəsində böyük Azərbaycan yazıçısı və dramaturqu, şair, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi münasibətilə ədibin "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" komediyası əsasında səhnələşdirilmiş tamaşa nümayiş etdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş " Şuşa İli" çərçivəsində xeyriyyə məqsədilə təşkil edilmiş tamaşa BSU-nun Filologiya fakültəsinin sözügedən orta məktəbdə pedaqoji təcrübə keçən IV tədris ili tələbələrinin təşəbbüsü və orta məktəb rəhbərliyinin dəstəyi ilə gerçəkləşib. BSU-nun tələbələrinin hazırladıqları tamaşanın rollarını orta məktəbin X sinif şagirdləri ifa ediblər. Tamaşanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) məsul şəxsləri, YUNİSEF-in nümayəndəsi, BSU-nun və orta məktəbin müəllimləri, əməkdaşları, şagirdləri, şəhid valideynləri, Vətən müharibəsi qaziləri izləyiblər.

Tamaşadan əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər Vətənimizin dilbər guşəsi olan Şuşa barədə şeirlər səsləndiriblər.

Sonra tamaşa nümayiş etdirilib.

Qeyd edək ki, xeyriyyə tamaşasından əldə edilən maliyyə vəsaiti YAŞAT Fonduna köçürüləcək.