BSU-da " Şuşa İli" çərçivəsində "Mifdən həqiqətə" adlı tədbir keçirilib

Mayın 13-də Bakı Slavyan Universitetinin (BSU) II tədris binasında Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ildə elan olunmuş "Şuşa İli" çərçivəsində "Mifdən həqiqətə" adlı tədbir keçirilib. BSU-nun müəllim və tələbələrinin, ziyalıların, Vətən müharibəsi qazilərinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova qeyd edib ki, bugünkü tədbir " Şuşa İli" ilə bağlı universitetdə keçirilən silsilə tədbirlərdən biridir. Vurğulanıb ki, xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələrə yüksələcək.

Filologiya fakültəsinin dekanı səlahiyyətlərini icra edən, dosent Sədaqət Əsgərova çıxışında bildirib ki, Qarabağın, o cümlədən strateji hərbi-siyasi əhəmiyyət kəsb edən Şuşanın işğalının ağrısı, acısı hər bir azərbaycanlının varlığında, qəlbində yaşayırdı. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun Qarabağı, Şuşanı işğaldan azad etməsi ilə arzumuz mifdən həqiqətə çevrildi.

Sonra Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyevanın "Yusif Vəzir Çəmənzəminli yaradıcılığında Şuşa" mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Günay Qarayevanın "Mifdən həqiqətə" mövzusunda məruzələri dinlənilib. Yüksək elmi səviyyəyə malik məruzələr hamı tərəfindən maraqla qarşılanıb.

Tədbirdə iştirak edən, əslən Şuşadan olan, Azərbaycanın ilk qadın reportyoru və ilk qadın redaktoru Məryəm Zöhrabbəyovanın qızı Fərəh Zöhrabbəyova ailələri adından tədbirin keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib və Şuşa ilə bağlı xatirələrini, təəssüratlarını bölüşüb.

Qazilər Məhəmməd Haqverdiyev və Vasif Məmmədov keçdikləri döyüş yolu barədə danışaraq Qarabağın işğaldan azad edilməsindən, qazanılmış tarixi Zəfərdən böyük sevinc və qürur hissi keçirdiklərini vurğulayıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Sonda çıxış edən BSU-nun rektorunun müşaviri Elçin Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəsurluğu, mətinliyi sayəsində işğal olunmuş torpaqlarımızın azad edilməsinin reallığa çevrilməsindən, hazırda Qarabağda, Şuşada genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirilməsindən, Şuşada beynəlxalq miqyaslı tədbirlərin gerçəkləşməsindən danışıb və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbir çərçivəsində Filologiya fakültəsinin tələbələri arasında bilik yarışı da keçirilib. Bilik yarışında I, II və III yeri tutan komandalar diplomla təltif ediliblər.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Bir 9 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər