BSU-da “Azərbaycanın himayədarı Heydər Əliyev” adlı tədbir keçirilib

Mayın 10-da Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) və Təhsil fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanın himayədarı Heydər Əliyev” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Sevinc Axundova tədbir iştirakçılarını salamladıqdan sonra Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli yoldan bəhs edib. Sevinc Axundova bildirib ki, dahi lider Azərbaycanın rifahı yolunda müstəsna xidmətləri ilə seçilmiş və əbədilik qazanmışdır. Dahi liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycanın intibahı, milli şüurun oyanışı məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz onun sayəsində əbədi və dönməz xarakter alıb. Bu gün ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlib.

Tədbirdə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

YAP GB-nin fəallarından olan İlkin Xəlilov çıxış edərək bildirib ki, tədbirin həyata keçirilməsinin əsas məqsədi Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı, öz müdrik siyasəti, milli dövlətçilik ideyasını gerçəkləşdirən, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqımızın müstəqillik arzusuna çatmasında mühüm rolu olan, Azərbaycanın gələcəyi naminə böyük fədakarlıqlar edən Ulu öndər Heydər Əliyevin xatirəsini əziz və uca tutmaqdır.

Tədbirdə Təhsil fakültəsinin İSM 102-ci qrup tələbəsi Şərəf Abbaszadə “Azərbaycanın himayədarı Heydər Əliyev”,  İSM 201-ci qrup tələbələri Aysel Əliyeva “Mütərəqqi təhsil strategiyasının banisi Heydər Əliyev”, Ayşən Muradova “Heydər Əliyev ənənəsi: “Dünya Azərbaycanlılarının V qurultayı”, Aynur Qardaşova “Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi dəyər”, MT 201-ci qrup tələbəsi Şəfiyeva Zülfünaz “Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyevin qəhrəmanlıq fenomeni”,  TSPX 201-ci qrup tələbəsi Fərrux Qadaşov isə “Heydər Əliyev şəxsiyyəti: xarizmatik liderin səciyyəvi cəhətləri” adlı məruzələrlə çıxış ediblər.

Daha sonra İSM 201-ci qrup tələbəsi Balaxanım Qədimova “Axtarır səni”, MT 201-ci qrup tələbəsi Fidan Əsgərova “Elegiya”,  İSM 101-ci qrup tələbəsi Fəridə Hüseynova “Sönməz, əbədidir Heydər Əliyev” adli şeirlərlə,  MT 101-ci qrup tələbəsi Naciyə Həşimova Heydər Əliyevin uca xatirəsinə həsr etdiyi “Heydər Əliyev” adlı öz müəllif şeiri ilə çıxış edib.

Tədbirin sonunda bir daha böyük dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı videoçarx təqdim edilib.