BSU-nun Məktəb-Lisey Kompleksində "Şuşa İli" çərçivəsində tədbir keçirilib

Mayın 6-da Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ildə elan olunmuş “Şuşa İli” çərçivəsində Şuşaya həsr edilmiş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun Məktəb-Lisey Kompleksinin coğrafiya müəllimi Sonaxanım Məmmədovanın təşəbbüsü ilə gerçəkləşən tədbirdə şagirdlər Azərbaycan xalqı üçün mühüm tarixi əhəmiyyət daşıyan, özündə yüksək mədəni-mənəvi dəyərləri ehtiva edən, Qarabağın tacı olan Şuşa barədə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Şuşanın tarixi, keçdiyi inkişaf yolu, məşhur şəxsiyyətləri, coğrafi mövqeyi, unikal relyefi, əsrarəngiz təbiəti, iqtisadi və mədəni həyatı barədə məlumatlar öz əksini tapıb. Təqdimatlarda, həmçinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şuşaya yüksək diqqət və qayğı göstərməsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyi 8 noyabr 2020-ci ilin Azərbaycanın müasir tarixinə Zəfər Günü kimi daxil olduğu xüsusi vurğulanıb. Şagirdlərin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

BSU-nun Məktəb-Lisey Kompleksinin direktoru İlahə Carçiyeva tədbirin təşkilatçılarına təşəkkür edib və təhsil müəssisəsində “Şuşa İli” çərçivəsində tədbirlərin davamlı keçiriləcəyini bildirib.

 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bir 19 nəfər, ayaqüstə duran insanlar, çiçək və içəridə şəkili ola bilər