Bakı Slavyan Universitetinin (BSU) Humanitar və sosial elmlər fakültəsinin nəzdində Regionşünaslıq ixtisasında tədris olunan ölkələrlə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində “Diplomatik münasibətlər - 30” adlı elmi seminar keçirilib. Tədbirdə ali məktəbin professor-müəllim heyəti və Polşaşünas tələbələr iştirak ediblər.
BSU-nun təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova tədbiri açaraq Azərbaycan-Polşa diplomatik münasibətlərinin əhəmiyyəti haqqında danışıb. O, iki ölkə arasında mədəni, elmi, təhsil, investisiya və digər bütün sahələrdə uğurla inkişaf etdiyini, bu əlaqələrin inkişafında BSU-nun böyük rolu olduğunu, ali məktəbdə polyak dilinin müvəffəqiyyətlə tədris edildiyini vurğulayıb.
Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Sevda Axundova çıxış edərək Polşaşünaslığın tədrisi haqqında danışıb. O, deyib ki, BSU-nun Regionşünaslıq ixtisasını Polşa üzrə bitirən məzunlar təhsillərini bu ölkənin qabaqcıl universitetlərində magistratura və doktorantura pillələrində uğurla davam etdirirlər.
Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd Azərbaycan-Polşa münasibətlərinin tarixi köklərindən söz açıb.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov Azərbaycan-Polşa ikitərəfli əlaqələrində diasporların rolundan ətraflı məlumat verib.
Slavyan filologiyası kafedrasının professoru Gülər Abdullabəyova Azərbaycan-Polşa ədəbi əlaqələrindən, iki ölkənin təşəbbüsü ilə keçirilən mədəni tədbirlərdən, polyak dilinin Azərbaycanda tədrisindən söhbət açıb. 1997-ci il avqustun 26-28-də ulu öndər Heydər Əliyevin Polşa Prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə bu ölkədə ilk dəfə rəsmi səfərdə olduğunu vurğulayan G.Abdullabəyova qeyd edib ki, hazırda ikitərəfli əlaqələr artan templə inkişaf edir. O, bildirib ki, BSU-nun professor-müəllim heyəti tərəfindən çoxlu sayda kitablar Azərbaycan dilindən polyak dilinə və polyakcadan Azərbaycan dilinə tərcümə edilib, dərs vəsaitləri çap olunub.
Polyak Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, dosent Lyudmila Talıbova Mərkəzin fəaliyyəti haqqında polyak dilində məlumat verib.
Sonda Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri, professor Cahangir Məmmədov elmi seminarın çox maraqlı mövzuya həsr olunduğunu, burada Azərbaycan-Polşa əlaqələrinin bütün sahələrindən geniş bəhs edildiyini vurğulayıb. O, BSU-da regionşünaslıq ixtisası üzrə böyük işlərin görüldüyünü, bu tipli seminarların təşkilinə görə universitetin rəhbərliyinə və ikitərəfli əlaqələr haqqında dolğun məlumat verdikləri üçün çıxışçılara dərin minnətdarlığını bildirib.
Tədbirdə BSU-nun professor-müəllim heyətinin müəllifliyi ilə Azərbaycan dilindən polyak dilinə və polyak dilindən Azərbaycan dilinə tərcümə kitabları və dərs vəsaitləri, həmçinin universitetin Polyak Dili və Mədəniyyəti Mərkəzinin hazırladığı foto-slayd nümayiş etdirilib.
Qeyd edək ki, BSU-nun Polyak Dili və Mədəniyyəti Mərkəzi Polşa hökuməti və bu ölkənin Bakıdakı səfirliyinin köməyi ilə yaradılıb, 2006-cı il noyabrın 9-da baş tutan Mərkəzin açılış mərasimində Polşa Respublikası Senatının spikeri Boqdan Boruseviç iştirak edib. Mərkəzdə Polşanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına aid materialların toplandığı kitabxana, texniki vasitələr ilə təchiz edilmiş tədris otağı mövcuddur. Mərkəzin əsas vəzifəsi Azərbaycan-Polşa mədəni əlaqələrini inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaq, həmçinin universitetdə polşaşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Mərkəzin xidmətlərindən universitetin Polşa üzrə ixtisaslaşan tələbələri, Azərbaycan-Polşa əlaqələri ilə maraqlananlar istifadə edirlər. Burada bir sıra mədəni-kütləvi tədbirlər, «disput-klublar» keçirilir, həmçinin Polşadan dəvət olunan qonaqlar məruzələrlə çıxış edirlər.