BSU-da “Vətənə qayıdış” adlı tədbir keçirilib

 
 
 
 
Aprelin 27-də Bakı Slavyan Universitetinin ( BSU) Magistrantlar Şurasının təşkilatçılığı ilə “Vətənə qayıdış” adlı tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tədbirin əhəmiyyətindən söz açıb. O, bu tədbirin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş “Şuşa ili” çərçivəsində həm respublika, həm də universitet səviyyəli keçirilən tədbirlərdən biri olduğunu qeyd edib. Rektor bildirib ki, torpaqlarımız azad olunduqdan sonra Qarabağa böyük qayıdış həyata keçirilir. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi şəhidləri sırasında BSU-nun məzunlarının da olduğunu vurğulayan Anar Nağıyev müharibə dönəmində BSU kollektivinin arxa cəbhədə, eyni zamanda informasiya savaşında fəal iştirak etdiyini deyib. O, Vətən torpaqlarının bütövləşməsi yolunda canlarını fəda etmiş bütün şəhidlərin xatirəsinin əziz tutulduğunu bildirib. Rektor bu günlərdə BSU-nun şəhid məzunları Nicat Şükürlü və Elnur Allahverdizadəyə həsr olunmuş tədbirlər keçirildiyini xatırladıb. O, vurğulayıb ki, BSU “Şuşa ili” nə də davamlı olaraq öz töhfəsini verəcək.
 
Sonra “Azərbaycan ədəbiyyatı” ixtisasının magistrantı Könül Əhmədova “Yenilənən Qarabağ”, “İbtidai sinifdə tədrisin metodika və metodologiyası” ixtisasının magistrantı Sevda İbrahimova “Şuşanın Zəfər yolu”, “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodika və metodologiyası” ixtisasının magistrantı Nigar Rəsulzadə “Şuşa Azərbaycanın gözüdür”, “Rus dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisasının magistrantı Banu Əhmədova “Şuşa – mədəniyyət beşiyimizdir”, magistrantlar Nigar Həsənova, Seyidəli İzmayılzadə, Əli İsmayılov “Sükutun səsi”, Azərbaycan dili” ixtisasının magistrantı Gülnar Süleymanova “Xilaskarın quruculuq missiyası”, “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisasının magistrantı Sevinc Fomenko “Böyük qayıdış” mövzularında məruzə ilə çıxış ediblər. BSU-nin magistratura şöbəsinin “Publisistik jurnalistika” ixtisası üzrə məzunu, Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) əməkdaşı Röya Qarabağlı işğaldan azad olunmuş ərazilərə media nümayəndəsi olaraq səfərindən və öz təəssüratlarından söz açıb. “Rus dili və ədəbiyatının tədrisi metodikası və metodologiyası” ixtisasının magistrantı Arzu Muradova “Qarabağ Azərbaycandır” şeirini səsləndirib.