BSU-da “Leykemiya - hökm deyil” adlı maarifləndirmə tədbiri olub

 Aprelin 27-də Bakı Slavyan Universitetində (BSU) “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə “Leykemiya - hökm deyil” adlı maarifləndirmə tədbiri keçirilib.
 
“Leykemiya ilə Mübarizə” İctimai Birliyin üzvü Səmra Həsənli çıxış edərək belə tədbirlərin keçirilməsində əsas məqsədin tələbələri leykemiya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicə üsulları haqqında maarifləndirmək olduğunu bildirib.
 
İctimai Birliyin spikeri Yaqut Ağacanova təşkilatın fəaliyyəti haqqında məlumat verib. O, bu tədbirlərin mütəmadi olaraq keçirildiyini və eyniadlı xəstəlikdən əziyyət çəkən insanlara dəstək göstərildiyini vurğulayıb.
 
İctimai Birliyin Qan şöbəsinin koordinatoru Dinara Əliyeva şöbədə fəaliyyət göstərən “canlı qan” bankının fəaliyyətindən danışıb.
 
Tədbir mövzu ilə bağlı videoçarxların nümayişi ilə başa çatıb.