Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyevlə görüşüb

 
Aprelin 21-də Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Bakı Slavyan Universitetinin (BSU) rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyevlə görüşüb.
Görüşdə MEDİA-nın əməkdaşları, BSU-nun Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə iştirak ediblər.
Səmimi şəraitdə keçən görüşdə universitetlə əməkdaşlığın prioritetləri, əlaqələrin daha da inkişafı ilə bağlı layihələr ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan mediasının keçdiyi inkişaf yolundan, aparılan islahatlardan bəhs olunub.
 
MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov ölkəmizdə islahatlar prosesinin geniş vüsət aldığını önə çəkərək hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisi olan mətbuatın da bu islahatlardan kənarda qala bilmədiyini diqqətə çatdırıb. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin uğurlu icrası, “Media haqqında” Qanunun qəbulunu zəruri edən səbəblər ətrafında geniş fikir mübadiləsi aparan MEDİA-nın icraçı direktoru hər dövrün öz tələbləri olduğunu bildirib: “Yeni qanun bu yenilikləri özündə ehtiva edərək jurnalist peşəkarlığının daha da artırılmasına geniş imkanlar açacaq. Cəmiyyətin idarə olunmasında qanunların öz rolu vardır. Hər bir sahənin inkişafına yönələn bu qanunlar ümumilikdə ölkənin hərtərəfli inkişafını təmin edir.»
Ə.İsmayılov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin məlum Fərmanı məhz ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya- kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədini daşıyır: «Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda təkmilləşməyə, yeniləşməyə böyük ehtiyac oldu, ən əsası qalib Azərbaycanın mediasının bu qalibiyyəti daha yüksək səviyyədə təbliğ etmək imkanlarına malik olmasına böyük ehtiyac var. İnformasiya mübarizəsi bütün dövrlər üçün aktualdır. Mətbuatımız dövlətimizin bu istiqamətdə atdığı addımların, real faktlara əsaslanan siyasətinin təbliğində müasir dövrün yaratdığı bütün imkanlardan bəhrələnməlidir.”
 
Görüşdə həmçinin MEDİA-nın ötən bir ildə gördüyü işlərdən geniş bəhs olunub, əməkdaşlığın yeni hədəflərə yol açacağına əminlik ifadə edilib.
Bakı Slavyan Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev ölkəmizdə təhsilin, elmin inkişafına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi ali təhsil ocağının çoxsaylı təhsil müəssisələri arasında özünəməxsus yerindən, özəlliklərindən bəhs edib. O, bildirib ki, universitetin Azərbaycanın bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə təbliği istiqamətində böyük xidmətləri vardır: “Universitetin müxtəlif ölkələrin təhsil ocaqları, dövlət qurumları, elm və mədəniyyət müəssisələri ilə sıx beynəlxalq əlaqələri mövcuddur. Tələbə mübadiləsi təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir”.
 
Universitetin rektoru əmin olduğunu bildirib ki, birgə əməkdaşlıq sayəsində yeni layihələrin icrası təmin ediləcək, jurnalistika fakültəsində təhsil alan tələbələrə öz biliklərini daha da artırmaq üçün geniş imkanlar yaranacaq. “Atılan hər bir addım, yeniliyə xidmət edən hər bir layihə qalib ölkəmizin daha da qüdrətlənməsinə öz töhfəmizi vermək istəyimizi bir daha ortaya qoyacaq”-deyə rektor Anar Nağıyev vurğulayıb
Görüşdə bir daha qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsi hər iki tərəf üçün maraqlıdır. Əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstəriləcək.