Anar Nağıyev: “Biz xoşbəxt nəsilik ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında artıq ikinci Novruzu Qarabağda, Şuşada qeyd edirik”

  

 

  

Martın 18-də Bakı Slavyan Universitetində (BSU) “Elimizə Bahar gəlir” adlı Novruz bayramı şənliyi keçirilib.

BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Novruz bayramı münasibətilə universitetin kollektivini səmimi-qəlbdən təbrik edib, yüksək bayram əhvali-ruhiyyəsi, cansağlığı .arzulayıb. Rektor bildirib ki, xalqımızın əsrlər boyu qoruyaraq nəsillərdən nəsillərə ötürdüyü dərin mədəni və tarixi ənənələrini özündə əks etdirən Novruz bayramı dostluq, inkişaf, həmrəylik, birlik kimi dəyərləri özündə simvolizə edir. Novruzun əsrlər boyu formalaşmış dəyərləri xalqımızın milli kimliyində öz əksini tapmış, müasir Azərbaycan dövlətinin inkişafını təmin etdiyi qeyri-maddi dəyərlər sistemində əhəmiyyətli yerə malikdir. Novruz bayramını Azərbaycan xalqının “Qəlbinin, ruhunun bayramı” adlandıran Ulu Öndər Heydər Əliyev bu bayramın dövlət səviyyəsində qorunmasını və inkişafını  təmin edib.  

  

  

Bir çox Şərq ölkələrinin ümumi dəyəri  olan Novruz bayramı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  davamlı fəaliyyətinin  nəticəsi olaraq  2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Biz xoşbəxt nəsilik ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında artıq ikinci Novruzu Qarabağda, Şuşada qeyd edirik.

Rektor çıxışında vurğulayıb ki, hər yeni gün qarşımızda yeni məramlar və məqsədlər müəyyən edir. BSU olaraq qarşımızda yüksək keyfiyyətli təhsil proqramlarının, cəmiyyət,elm və iqtisadiyyatın inkişafında davamlı töhfələrə sahib olacaq elmi-tədqiqat nəticələrinin yaradılması kimi məsələlər durur. Azərbaycançılıq məfkurəsinə, Vətən sevgisinə və yüksək biliyə sahib mütəxəssis hazırlığı bütün dövrlərdə qarşımızda duran əsas missiyalarımız olaraq qalır.

  

Sonra tədbir bədii-musiqili hissə ilə davam edib. Novruzun personajları Kosa və Keçəlin çıxışları, BSU-nun “Arzu” rəqs ansamblının ifa etdiyi milli rəqslər, vokal qrupunun “Novruz” mahnısını, universitetin tələbəsi Aydan Şahgəldiyevanın  “Bir sevgi” mahnısını, universitetin məzunu Ceyhun Arezin “Əğyar” və “Üçrəngli Zəfər” mahnılarını, tələbə Murad Hüseynlinin “Bakı” mahnısını ifa etmələri və  Məktəb-Lisey Kompleksi şagirdlərinin hazırladıqları “Bahar” kompoziyası tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Tədbir “Azərbaycan” mahnısının sədası altında “Yallı”rəqsinin ifası,  fakültələrin hazırladıqları bayram xonçaları ilə tanışlıq və xatirə şəklinin çəkdirilməsi ilə  başa çatıb.