BSU-da akkreditasiya ilə bağlı verilmiş tövsiyələrin icra vəziyyətinin monitorinqi aparılıb

   

   

Bakı Slavyan Universitetində (BSU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən bu ali təhsil müəssisəsində 2020-2021-ci tədris ilində keçirilmiş akkreditasiya qiymətləndirilməsi nəticəsində verilmiş tövsiyələrin icra vəziyyətinin monitorinqi aparılıb.  Əvvəlcə Agentliyin əməkdaşlarını qəbul edən BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev onlara son vaxtlar universitetdə həyata keçirilən yeniliklər,islahatlar, layihələr barədə geniş məlumat verib. Sonra universitetin prorektorları, müvafiq şöbələrin müdirləri, fakültə dekanları və ixtisas kafedralarının müdirləri ilə müsahibələr aparılıb.

   

Müsahibələrdə tədbirlər planına uyğun olaraq həyata keçirilmiş işlərin, tədris proqramlarının icrası, elmi-tədqiqat fəaliyyəti, elmi-tədqiqat işlərinin müasir tələblərə cavab verməsi, gənc tədqiqatçıların hazırlanması, beynəlxalq əməkdaşlıq, nüfuzlu xarici elmi nəşrlərdə məqalələrin dərci, müştərək mütəxəssis hazırlığı, məzunların əmək bazarına çıxışı problemləri, universitetin cari və strateji hədəfləri ətrafında fikir və təcrübə mübadiləsinə xüsusi diqqət ayrılıb.

Agentliyin əməkdaşları monitorinq zamanı BSU-nun tədris-mədəniyyət mərkəzlərinin, “ağıllı lövhələr”in və kompüter avadanlıqlarının quraşdırıldığı auditoriyaların, linqafon kabinetlərinin, Əsaslı kitabxananın və Akt zalının fəaliyyəti ilə də tanış olublar.