Anar Nağıyev: “ Xocalı soyqırımı Avropa coğrafiyasında nadir rast gəlinən faciədir”

   

Fevralın 25-də Bakı Slavyan Universitetində ( BSU) "Xocalı soyqırımı-qan yaddaşımız" adlı tədbir keçirilib. Tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   

BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev qeyd edib ki, Xocalı faciəsi XX əsrin ən böyük qətliamlarından biri, etnik təmizləmə halıdır. Vurğulayıb ki, 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımı İkinci Dünya müharibəsindən sonra Avropa coğrafi məkanında nadir rast gəlinən faciədir. Rektor bildirib ki, biz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü təmin etmiş qalib xalqın nümayəndələriyik. Lakin Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistanın siyasi-hərbi xuntasının xalqımıza qarşı gerçəkləşdirdiyi bu qəddar cinayəti heç vaxt unutmayacağıq. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası bu qətliamın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Gənclərimiz bu istiqaməti inkişaf etdirməli, xarici ölkələrdə Xocalı soyqırımını əsaslı dəlillərlə sübuta yetirmək üçün bu qətliamı daha dərindən öyrənməlidirlər. Bizim bundan sonra əsas vəzifəmiz işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərində fəal iştirak etməkdir.

   

  

Tədbirin moderatoru, Magistrantlar Şurasının sədri Əli İsmayılov bu qətliamın son 2 əsrdə ermənilərin  xalqımıza qarşı apardığı soyqırımı siyasətinin davamlı təzahürü olduğunu diqqətə çatdırıb və faciəyə verilən siyasi-hüquqi qiymətdən danışıb.

Yeni Azərbaycan Partiyasının ( YAP) Nəsimi rayon təşkilatının BSU üzrə ərazi partiya təşkilatının Gənclər Birliyinin hazırladığı videoçarx nümayiş etdirilib.

 “Azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda çıxış edən  qətliamın şahidi, I Qarabağ müharibəsi veteranı, Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və Slavistika bölməsinin müdiri, dosent Sadir Məmmədov  xatirələrini bölüşərək vurğulayıb ki, soyqırımı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra biləcək ən güclü qüvvə gənclərdir. 

Gənc Yaradıcılar  Klubunun üzvləri Sadəgül Baloğlanova və Ziyad Sarıyev müəllifi Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov olan “Canım Xocalı!” şeirini səsləndiriblər.  Xarici dil müəllimliyi fakültəsinin tələbəsi Yəmən Həsənova “Əbədi göz yaşı-Xocalı!”, Humanitar və sosial elmlər fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü Murad Hüseynli “Xocalıya ədalət kampaniyasına qoşuluruq!” mövzularında çıxış ediblər, həmin fakültənin tələbələri Nərgiz Məmmədəliyeva və Günel Məmmədova faciənin şahidi olmuş Zənurə  Səlimova ilə hazırladıqları reportajı təqdim ediblər.

Sonda Təhsil  fakültəsinin İbtidai təhsil kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın və fakültənin tələbələrinin birgə təşəbbüsü ilə rus dilində hazırlanmış “Bessmertie pamyati” (“Yaddaşın ölməzliyi”)   adlı ədəbi kompozisiya təqdim edilib.