Fevralın 23-də Bakı Slavyan Universitetində (BSU) Tərcümə fakültəsinin Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrasının təşəbbüsü ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş “Xocalı-ağrım mənim” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımının səbəb və nəticələri barədə danışan kafedranın dosenti Ofeliya Tağıyeva bildirib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-da xalqımıza qarşı böyük hərbi cinayət törədiblər. Əsrin faciəsi, xalqımızın qan yaddaşı olan bu soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş amansız cinayətdir. Xocalı soyqırımına Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbayacan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərlə Xocalı soyqırımı qurbanlarının da qisası alındı.
Tərcümə fakültəsinin I tədris ilinin 102-ci qrup tələbələri Azərbaycan və rus dillərində Xocalının coğrafiyası, tarixi, mədəniyyəti, milli qəhrəmanları haqqında məlumat veriblər, şeirlər səsləndiriblər, videoslaydlar nümayiş etdirilib, Xalq artisti Fərhad Bədəlbəylinin “İki qadının duası” əsəri səsləndirilib.
Sonda çıxış edən Tərcümə fakültəsinin dekanı, dosent Nurlana Nağıyeva belə tədbirlərin gənclərin vətənpərvər ruhda formalaşması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edək ki, universitetin foyesində Xocalı soyqırımını əks etdirən stend də hazırlanıb.