BSU-da “Open Science Azərbaycan” layihəsi çərçivəsində seminar keçirilib

   

Fevralın 15-də Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyinin və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılğı ilə “Open Science Azərbaycan: Gənc Tədqiqatçılar arasında Open Science Platformasının Təbliği” layihəsi çərçivəsində seminar keçirilib.

Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov seminarın BSU-da keçirilməsini müsbət hal kimi qiymətləndirib və bunun gənc alimlərin tədqiqatçılıq səriştələrinin artmasına əhəmiyyətli təsir göstərəcəyini vurğulayıb.

  

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihə barədə məlumat verib. Qeyd edib ki, layihə gənc tədqiqatçıların xarici həmkarları ilə əlaqələrinin güclənməsinə, elmi araşdırmalarını daha geniş auditoriyalarda təqdim etmələrinə və Avropa elm məkanına inteqrasiya olunmalarına imkan yaradır.

Sonra cəmiyyətin eksperti, fəlsəfə doktoru Sevinc Ədilova “Open Science-elmin inkişafı üçün yeni konsepsiyalar” mövzusunda və “Açıq tədqiqat materialları. İndekslər və data bazalar və elmi məqalələrin axtarışlar sistemi” mövzusunda geniş təqdimatlarla çıxış edib. Bildirib ki, layihə elmi-tədqiqatların tamamilə şəffaf aparılması təcrübəsini təşviq edir və elmi araşdırmaların nəticələrini hamıya çatdırır, gənc alimlərin məqalələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunması imkanını yaradır. Layihənin məqsədi elmi-tədqiqatların, məlumatların və onların yayılmasının cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan olmasını təmin etməkdir.

BSU-nun layihəyə qoşulan magistrant və doktorantlarına sertifikatlar təqdim edilib. Onların arasından daha perspektivli 25 magistrant və doktorantın seçilməsi və gələcək elmi fəaliyyətlərinin genişləndirilməsi üçün müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.