BSU-da ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib-FOTOLAR

Noyabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının Bakı Slavyan Universiteti (BSU) üzrə ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin BSU-dakı büstü önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər, sonra tədbir universitetin konfrans zalında davam edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin və ötən yığıncaqdan sonra vəfat etmiş siyasi həmfikirlərin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   

Yığıncağı giriş sözü ilə açan BSU-nun rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev iştirakçıları 17 Noyabr-Milli Dirçəliş Günü və YAP-ın qarşıdan gələn təsis günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Anar Nağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Zəfər qazanması nəticəsində ərazi bütövlüyümüz bərpa edildi. Bu Böyük Qələbə bizə sonsuz sevinc və qürur hissi yaşadır. Anar Nağıyev YAP-ın Nəsimi rayon təşkilatının rəhbərliyinə BSU-nun ərazi partiya təşkilatına verdiyi dəstəyə görə, eləcə də ərazi partiya təşkilatının rəhbərliyinə, Gənclər Birliyinin üzvlərinə fəal və ləyaqətli vətəndaş mövqeyi nümayiş etdirdiklərinə görə minnətdarlığını bildirib. Anar Nağıyev qeyd edib ki, yığıncağın gündəliyinə ərazi partiya təşkilatının hesabatı, ərazi partiya təşkilatı sədrinin və sədr müavininin seçilməsi daxildir.

  

YAP-ın Nəsimi rayon təşkilatının BSU üzrə ərazi partiya təşkilatının sədri, dosent Sevinc Axundova hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində təşkilatın gördüyü işlər barədə geniş məlumat verib. Dosent Sevinc Axundova bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində genişlənən xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələndi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda yenidən hakimiyyətə qayıtması ilə ölkəmizdə ictimai-siyasi sabitliyin, inkişafın əsası qoyuldu. Qeyd edilib ki, BSU üzrə ərazi partiya təşkilatının üzvləri gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində bir sıra tədbirlər həyata keçiriblər. Dünyəvi bəlaya çevrilən koronavirus xəstəliyindən qorunmaq üçün sosial şəbəkələrdə #evdəqal həştəqi ilə videoçarxlar hazırlanıb, imkansız ailələrə sosial yardımlar paylanılıb. Ərazi partiya təşkilatı 44 gün davam edən Vətən müharibəsi zamanı real həyatda və sosial şəbəkələrdə fəallıq nümayiş etdirib.Eyni zamanda ərazi

   

partiya təşkilatının Gənclər Birliyi YAP-ın Gənclər Birliyinin xüsusi qrupları ilə həmrəylik nümayiş etdirərək sosial platformalarda ardıcıl çıxış ediblər. Vətən müharibəsi zamanı ərazi partiya təşkilatı tərəfindən müharibə bölgəsinə yaxın olan ərazilərdə yaşayan və müharibədən əziyyət çəkən soydaşlarımıza isti paltar, ev əşyaları və digər lazımi avadanlıqlar göndərilib. Həmçinin könüllü şəkildə xüsusi maliyyə vəsaiti toplanılaraq əsgər və zabitlərimizə göndərilib. Vətən müharibəsi dövründə ərazi partiya təşkilatı tərəfindən edilən sosial yardımlar və müharibədən sonrakı dövrdə gənclərimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən mənəvi dəstək danılmazdır. Bundan başqa, ərazi partiya təşkilatı müxtəlif xeyriyyə aksiyaları həyata keçirib, çoxsaylı layihələrdə iştirak edib. Hazırda ərazi partiya təşkilatının üzvləri BSU-da, Nəsimi rayonunda və respublika miqyasında keçirilən mədəni- kütləvi tədbirlərdə fəal iştirak edirlər.

   

Sonra hesabat məruzəsi ətrafında çıxış edən BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova, Jurnalistika kafedrasının müdiri, professor Şəlalə Həsənova ərazi partiya təşkilatının YAP-ın Nizamnamə və Proqramına uyğun olaraq öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayaraq hesabat məruzəsinin qəbul olunmasını təklif ediblər.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edilib.

Daha sonra yığıncaqda təşkilatın sədri və müavini seçilib. Dosent Sevinc Axundova yenidən təşkilatın sədri, Kəmalə Əliyeva sədr müavini seçilib.

YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə partiyada aparılan struktur və kadr islahatları barədə geniş məlumat verib. Qeyd edib ki, hazırda 800 minə yaxın üzvü olan YAP daha da güclənir, sıraları daha da genişlənir. BSU üzrə ərazi partiya təşkilatı YAP-ın Nəsimi rayon təşkilatının ən fəal təşkilatlarından biridir. Azər Süleymanov BSU üzrə ərazi partiya təşkilatının yeni seçilmiş sədrini və sədr müavinini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

   

Dosent Sevinc Axundova ona göstərilən etimada və ərazi partiya təşkilatının fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib və göstərilən etimadı layiqincə doğruldacaqlarını vurğulayıb.

Tədbirə yekun vuran BSU-nun rektoru səlahiyyətlərini icra edən Anar Nağıyev iştirakçılara dövlət siyasətinin həyata keçirilməsi və bir ali təhsil

müəssisəsi olaraq yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün əzmlə çalışmağı tövsiyə edib və hamıya bu yolda uğurlar arzulayıb.