BSU-da “Ələsgərəm,hər elmdən halıyam” mövzusunda dəyirmi masa keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması münasibətilə geniş tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulub. Noyabrın 17-də Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası faklütəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Ələsgərəm, hər elmdən halıyam” adlı dəyirmi masa keçirilib.

 

Tədbiri Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva giriş sözü ilə açıb. Tədbirdə Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva, Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi Rəna Əliyeva iştirak ediblər.

Azərbaycan ədəbiyyatı kafedrasının professoru Nizami Məmmədov “Aşıq Ələsgər yaradıcılığına günümüzdən baxış”, kafedranın dosenti Leyla Məmmədova “Aşıq Ələsgər lirikasında gözəl və gözəllik”, kafedranın müəllimi Ülkər Yusifova “Saz musiqi aləti kimi və onun paralelləri” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsinin icraçı katibi, BSU-nun və Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, şair, tərcüməçi, ədəbi tənqidçi Nəsib Nəbioğlu və filoloq, aşıq Sabir Mahmudov-Sadaxlı da Aşıq Ələsgər haqqında fikirlərini bölüşüb, şeirlər səsləndiriblər.

24 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi, aşıq Cavanşir Quliyev sazda Aşıq Ələsgərin müxtəlif şeirlərini ifa ediblər.