BSU-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib

 

 

Noyabrın 16-da Bakı Slavyan Universitetində ( BSU) "İnsan alverinə qarşı mübarizə" mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova bu maarifləndirici tədbirin müasir dövrümüz üçün aktual əhəmiyyət kəsb edən mövzuya həsr olunduğunu bildirib.

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı İbrahim Əhmədov "İnsan alveri və onun cəmiyyətdə törətdiyi fəsadlar" mövzusunda, BSU-nun Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent,istefada olan polis polkovniki Sadir Məmmədov "İnsan alverinin qarşısının alınmasında profilaktik tədbirlərin təşkili" mövzusunda çıxış ediblər.

Çıxışlarda insan alverinin mahiyyət və təzahürləri, həyata keçirilmə yolları, üsulları və bu cinayətin qarşısının alınması üçün reallaşdırılan profilaktik tədbirlər geniş əks olunub. Qeyd edilib ki, Azərbaycanda insan alverinin profilaktikası müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir. İnsan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırılması bu xüsusi tədbirlər sistemində mühüm yer tutur.

Çıxışlarda həmçinin insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması və açılması, insan alveri qurbanlarının müəyyən edilməsi, onların hüquqlarının müdafiəsi və sosial reabilitasiyası sahəsində müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş funksiyalar haqqında ətraflı məlumat verilib.

 

Dəyirmi masa tələbə-gənclərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.