BSU-da Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş seminar keçirilib

    

Noyabrın 16-da Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş seminar keçirilib. Qeyd edək ki, bu beynəlxalq gün YUNESKO-nun “Dözümlülük prinsipləri Bəyannaməsi”ndə təntənəli şəkildə elan edilib.Bəyannamə 1995-ci ildə YUNESKO-nun 28-ci Baş Konfransında təsdiq edilib.Bu günün təsis edilməsində məqsəd dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır.

     

Tədbirin moderatoru, BSU-nun rektoru səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev bildirib ki,biz bu gün fərqli bir tədbirə toplaşmışıq. Noyabr ayı Azərbaycanın müasir tarixinin ən önəmli ayıdır. 8 Noyabr-Zəfər Günü, 9 Noyabr-Dövlət Bayrağı Günü, 12 Noyabr-Konstitusiya Günü, 17 Noyabr-Milli Dirçəliş Günüdür. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq ideologiyası və "Mən həmişə fəxr etmişəm,bu gün də fəxr edirəm ki,mən Azərbaycanlıyam!" deyimi bizim milli mənsubiyyətimizi özündə dolğun əks etdirir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ötən il noyabrın 8-də Şuşanı işğaldan azad etməsi 8 Noyabr-Zəfər Gününü bir vəhdətdə birləşdirən hadisədir. Vətən müharibəsində qazanılmış Böyük Zəfər bizim bir xalq,millət olaraq fəaliyyət istiqamətlərimizi müəyyən edən əsas hadisədir

   

Azərbaycanda 1995-ci ildən başlayaraq Beynəlxalq Tolerantlıq Gününün qeyd edildiyini bildirən Anar Nağıyev vurğulayıb ki, tolerantlıq bütün dəyərlərə hörmətlə yanaşmağı, birgə yaşamağı, insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Multikultural və tolerant ölkə olan Azərbaycanda bütün dinlərə məxsus insanlar sakit və qarşılıqlı etimad mühiti şəraitində yaşayırlar. Ölkə rəhbərliyi tərəfindən "qara qızılın insan kapitalına" çevrilməsi siyasəti, həmçinin multikulturalizm və tolerantlıq Azərbaycanın beynəlxalq səviyyəyə çıxmasında mühüm rol oynadı. Qarşılıqlı etimad, əməkdaşlıq dəyərlərin bərabər olduğu cəmiyyətlərdə mümkündür. Azərbaycan cəmiyyəti bu baxımdan layiqli örnəkdir.

Seminarda Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Azərbaycan multikultiralizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev “Tolerantlıq ümumbəşəri dəyərdir”, həmin kafedranın dosenti Sevda Axundova “Tolerantlığın fəlsəfi təhlili”, baş müəllimi Maya Cəfərquliyeva “Müasir Azərbaycanda multikulturalizmin spesfik xüsusiyyətləri”, müəllimi Nərmin Əzizova “Xarı bülbül festivalı: Multietnik, çoxkonfessiyalı və multikultural Azərbaycan” mövzularında çıxış ediblər.

Qeyd edilib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə inkişaf edir, dinə davamlı dövlət qayğısı var. Eyni zamanda ölkəmizdə tolerantlıq mühiti, ayrı-ayrı dinlər, konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür. Azərbaycan dinlərarası əlaqələrin

və həmrəyliyin gücləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm töhfələr verir. Azərbaycan xalqının Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı Vətən müharibəsində Böyük Zəfər qazanması bu ərazidə erməni vandalizminin nəticələrinin aradan qaldırılmasına əlverişli şərait yaradıb. Hazırda Qarabağda həyata keçirilən geniş bərpa və quruculuq işləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən dini,tarixi,mədəni abidələrimiz bərpa edilir.

Maraqlı müzakirə şəraitində keçən dəyirmi masa tələbə-gənclərin suallarının cavablandırılması ilə başa çatıb.