BSU-nun Magistrantlar Şurasının üzvləri Azərbaycan Hərb Tarixi Muzeyində olublar

   

Noyabr 12-də Magistrantlar Şurasının təşəbbüsü ilə gənclərimizdə hərbi vətənpərvərlik hissini daha da gücləndirmək, ölkəmizin hərb tarixini öyrənmək və mənimsəmək, ordu quruculuğumuzun inkişafı yoluna nəzər yetirmək məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyinə magistrantların ekskursiyası təşkil olunub.

   

Bələdçilər muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı magistrantlara ətraflı məlumatlar veriblər. Magistrantlar qədim dövrlərdən müasir dövrədək inkişaf yolu keçmiş bir çox silah və döyüş texnikaları ilə yaxından tanış olublar. Ekskursiya zamanı Birinci və İkinci Dünya müharibələrində soydaşlarımızın göstərdiyi misilsiz qəhrəmanlıqlardan, həmçinin 1988-1994-cü illərdə ermənilərin ərazi bütövlüyümüzə qarşı təcavüzü zamanı döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın şücaətindən geniş söhbət açılıb. Muzey əməkdaşları 44 gün davam edən Vətən müharibəsində ordumuzun düşmən üzərində qazandığı şanlı və qətiyyətli zəfərindən, bu zəfəri bizə bəxş edən qəhrəman oğullarımızdan qürur hissi ilə danışıblar. Muzeydə sərgilənən Vətən müharibəsi şəhidlərimizə məxsus şəxsi əşyaların nümayişi magistrantlara qürurverici hisslər yaşadıb.

   

Daha sonra magistrantlar Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində - açıq havada nümayiş olunan çox saylı tanklar, zirehli texnikalar, raket-artilleriya qurğuları, hərbi təyyarələr, helikopterlər, gəmi qurğuları ilə təchiz olunmuş ərazi ilə də tanış olublar. Xeyli sayda silah və döyüş texnikalarını, həmçinin hərbi eksponatları izləyən magistrantlar onların xarakteristikaları ilə bağlı geniş məlumat toplayıblar.

Ekskursiya magistrantların böyük marağına səbəb olub.