Noyabrın 8-də Bakı Slavyan Universitetinin(BSU) Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə və 9 Noyabr -Dövlət Bayrağı Gününə həsr edilmiş onlayn tədbir keçirilib.
Tədbiri BSU-nun Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri, dosent Fatimə Vəliyeva giriş sözü ilə açıb. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dosent Fatimə Vəliyeva şəhidlərin ailələrinə Allahdan səbir diləyib və Azərbaycan Ordusunun möhtəşəm Qələbəsindən danışıb. Dosent Fatimə Vəliyeva Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində torpaqlarımızın işğaldan azad edildiyini qeyd edib, 8 Noyabr 2020-ci il tarixinin Qarabağa qovuşduğumuz tarixi gün olduğunu vurğulayıb.
Sonra kafedranın dosenti Nurlana Nağıyeva bu tarixi günün əhəmiyyətindən və Azərbaycan oğullarının Şuşa uğrunda göstərdikləri misli görünməmiş şücaətindən bəhs edib.
Kafedranın əməkdaşları Kamran Hacıyev, İslam Ağakərimov , Almas Hacıyeva, Elmira Aşurbəyli, İradə Quliyeva, Məlahət Mustafayeva, Leyla Əliyeva Vətən müharibəsi dövründə Azərbaycan gəncliyinin, canını Vətənə fəda etmiş şəhidlərimizin, qazilərimizin böyük rolundan bəhs edərək, Zəfər bayramını bizə bəxş edənləri, torpaqlarımızı işğaldan azad edən qəhrəmanlarımızı heç zaman unutmayacağımızı qeyd ediblər. Tədbirdə Tərcümə fakültəsi nəzdində digər kafedraların müdirləri- professor Naidə Məmmədxanlı, dosent Sevil Bağırova, dosent Nigar Babayeva da iştirak ediblər.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Tərcümə fakültəsinin T-302(2)-ci qrup tələbələri Şəlalə Zeynalova “Əsgər ölməz!”, Nihad Kişiyev “Ali Baş Komandan”, Səbinə İmanova “Bayrağım Şuşada ucalır bu gün!” adlı şeirlər səsləndiriblər. 44 günlük Vətən müharibəsinin xronologiyasını və tələbə-gənclərimizin ürək sözlərini əks etdirən videoçarx izlənilib.
Sonda BSU- nun Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri, dosent Fatimə Vəliyeva rəşadətli Azərbaycan Ordusunun bu tarixi Qələbənin bizlərə yaşatdığı sevinc və qürur hissi barədə fikirlərini bölüşərək, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.