Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 8-ci sinif şagirdi Murad Alxaslı Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatcılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunan “Rəşadətlə yaşayanlar – Ölümü fəth edənlər” adlı ümumrespublika hekayə müsabiqəsinin qalibi olub. Müsabiqə çərçivəsində təqdim olunmuş hekayələrdən 25-i Münsiflər Heyəti tərəfindən seçilərək “Ölümü fəth edənlər” adlı kitaba daxil edilib. Kitab “Təhsil” nəşriyyatında çap olunub. Kitabın ideya müəllifi Zahirə Dadaşova, redaktoru Sevinc Nuruqızıdır. Murad Alxaslının kitabda yer alan “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı hekayəsi Şəki rayonunun Kiçik Dəhnə kənd orta məktəbində təhsil almış iki dost – şəhid Tərxan Qurbanov və qazi Alı Qədirlinin 44 günlük Vətən müharibəsindəki döyüş yoluna həsr olunub. 13 yaşlı müəllifin öz hekayəsinə çəkdiyi illüstrasiya da kitabda dərc olunub.